UNEC-də məzunlara Monpelye Universitetinin diplomları təqdim edilib

UNEC-də məzunlara Monpelye Universitetinin diplomları təqdim edilib Özünəməxsus təhsil ənənələri ilə seçilən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Məzun günü” bir çox yeniliklərlə yadda qalıb.
Mərasimdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov məzunları əlamətdar gün münasibətilə təbrik edib. Ə.Muradov UNEC-in məzunlara qazandırdığı bilik və dəyərlərin onlar üçün uğura aparan yol göstəricisi olacağını bildirib.
Rektor deyib: “Bu gün biz cəmiyyət qarşısında 3468 gəncin gələcəyə hazırlığı barədə hesabat veririk. Məzunlarımızın iş dünyasında peşəkar mütəxəssis kimi önəmli yer tutacağına, Azərbaycanın sosial-iqtisadi həyatında fəal rol oynayacağına, ölkənin hərtərəfli inkişafına öz töhfələrini verəcəyinə və Vətən qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəyinə əminik”.
İyiri beş il əvvəl təhsil aldığı ali məktəbin bu önəmli gününə fəxri məzun kimi dəvət olunmaqdan məmnunluğunu bildirən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkənin bilikli və bacarıqlı gənclərə, iqtisadçılara daim ehtiyacı olduğunu, UNEC-in bu tələbləri layiqincə yerinə yetirdiklərini diqqətə çatdırıb. O, UNEC-in son dövrdəki uğurlarını və dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığını qürurla izlədiyini bildirib.
“Məzun günü”ndə iştirak etmək üçün Azərbaycana gələn Fransanın Monpelye Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri, professor Gilles Sere de Lanauze ölkələrimiz arasında təhsil sahəsindəki uğurlu əməkdaşlığı yüksək dəyərləndirib. UNEC ilə Monpelye Universitetinin ikili diplom proqramının əhəmiyyətindən söz açan qonaq bu əməkdaşlıqdan məmnunluğunu bildirib.
Sonra proqramın ilk məzunlarına Monpelye Universitetinin diplomları təqdim edilib.
Universitetin ənənəsinə uyğun olaraq, ən yüksək bal (98,53) topladığına görə adı UNEC-in fəxri daşına həkk edilən Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu Səbinə Nəcəfzadə bu universitetin tələbəsi olmağın üstünlüklərindən danışıb. Bildirib ki, UNEC-də tələbələrin beynəlxalq standartlara cavab verən ali təhsil alması üçün hər şərait yaradılıb.
S.Nəcəfzadə UNEC-in bayrağını üçüncü kurs üzrə ən yüksək nəticə göstərən tələbəyə təhvil verib, məzunlar adından təntənəli and içib.
UNEC-in himninin sədaları altında dekanlar fakültə üzrə ən yüksək bal toplayan məzunları təltif ediblər. Sonra ənənəvi “papaqatma” mərasimi keçirilib.
Tədbir bədii hissə ilə davam edib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər