Tarix İnstitutunda soyqırımları ilə bağlı beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb

Tarix İnstitutunda soyqırımları ilə bağlı beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb “Dünya tarixçilərinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb”. Bunu institutun direktoru, akademik Yaqub Mahmudov elmi şuranın iclasında deyib.
Y.Mahmudov soyqırımı ilə bağlı əlaqələndirmə mərkəzinin yaradılması barədə qərarın “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları və deportasiyalar” mövzusunda Qusarda keçirilən V beynəlxalq elmi konfransda qəbul olunduğunu söyləyib. Akademik deyib: “Prezident İlham Əliyev soyqırımı probleminə həsr olunmuş beynəlxalq elmi konfransların fəaliyyətini həmişə diqqət mərkəzində saxlayır və konfrans iştirakçılarına ənənəvi müraciət məktubları ünvanlayır. Soyqırımı problemini daha dərindən araşdırmaq üçün dünyanın müxtəlif ölkələrindən olan alimlərin tədqiqatlarının əlaqələndirilməsi zəruridir”.
Elmi şuranın qərarına əsasən, mərkəzdə soyqırımı və deportasiyalar problemi üzrə tədqiqatlar aparan tanınmış mütəxəssislər fəaliyyət göstərəcək. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədləri ermənilərin törətdikləri soyqırımlarını ifşa edən əvəzolunmaz tarixi mənbədir. Mərkəz dünyanın, o cümlədən türk-müsəlman ölkələrinin soyqırımlar və deportasiyalar ilə məşğul olan tədqiqatçıları arasında səmərəli elmi əlaqə yaradacaq.

Tehsil-press.az

Oxşar xəbərlər