Hamiləlik zamanı depressiyalar uşağın beynində neyronları dəyişə bilər

Hamiləlik zamanı depressiyalar uşağın beynində neyronları dəyişə bilər Hamiləlik zamanı depressiya və həyəcan hissindən əziyyət çəkən qadınlar bilmirlər ki, onların psixi vəziyyəti uşağın beynində neyronları dəyişə bilər. Bu, sonradan uşağın davranışında özünü büruzə verər.
ABŞ-ın Viskon Universitetinin mütəxəssisləri bu istiqamətdə 101 hamilə qadın üzərində müşahidələr aparıblar. Onlar bu qadınlarda hamiləliyin üçüncü üçaylığında depressiya və ya narahatlıq hissinin olub-olmadığını araşdırıblar. Tədqiqatlar zamanı bu hamilələrin altısında güclü, beşində orta, 42-də isə aşağı səviyyədə depressiya əlamətləri aşkar olunub.
Sonradan bu qadınların dünyaya gətirdikləri uşaqlar üzərində aparılan müayinələrdən bəlli olub ki, depressiyaya məruz qalanların övladlarının beyinlərindəki ağ maddə müəyyən dəyişikliklərə məruz qalıb. Beynin bu nahiyəsi digər sahələrlə sıx əlaqədədir və bədən hərəkətlərini, eləcə də emosiyaları kontrolda saxlamağa kömək edir.
Elmə o da bəllidir ki, hamilələrdə meydana çıxan və həkim müşahidəsi altına alınmayan depressiya sonradan yenidoğulmuşda çəki azlığına səbəb ola bilər. Bununla yanaşı hamiləlik zamanı depressiya keçirmiş anaların övladları gələcəkdə bu problemə və ya daimi narahatlıq hissinə meyilli olurlar.

Tehsil-press.az

Oxşar xəbərlər