Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində

Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində Nümayəndə heyətinin üzvləri Sankt-Peterburq və Moskva mərkəzləri ilə yaxından tanış olublar
Azərbaycanda səfərdə olan “Vahid Rusiya Gənc Qvardiyası” Ümumrusiya İctimai Təşkilatının (Молодая Гвардия Единой России) nümayəndə heyəti sentyabrın 28-də Bakı Slavyan Unversitetində (BSU) olub. Qonaqlar universitetin “Arzu” rəqs ansamblının təqdimatında slavyan xalqlarının, Türkiyə və Azərbaycanın milli rəqslərindən ibarət bədii kompazisiya ilə qarşılanıblar.
Görüş zamanı universitetin rektoru, professor Nurlana Əliyeva BSU-nun yaranma tarixi barədə qonaqlara məlumat verərək Azərbaycanda, o cümlədən rəhbərlik etdiyi ali təhsil ocağında rus dilinin tədrisi və təbliğinin mühüm yer tutduğunu qeyd edib. İki ölkə arasındakı dostluq münasibətlərinin tarixinə nəzər salan N.Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ölkələrimiz arasında elmi, iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki xidmətlərinə, yüksək hazırlıqlı mütəxəssislər yetişdirilməsi üçün müvafiq şəraitin yaradılmasında göstərdiyi qayğıya görə 2001-ci ildə BSU-nun Fəxri doktoru adı verildiyini bildirib. Rektor uzun illər Azərbaycan xalqının rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olmasını, eyni zamanda Azərbaycan ədəbiyyatının və mədəniyyətinin rus dili vasitəsilə dünyaya çıxdığını vurğulayıb. O, prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirdiyini və Rusiya Federasiyası ilə dostluq münasibətlərini daha da inkişaf etdirdiyini diqqətə çatdırıb. Rektor prezident İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın çıxışlarında Bakı Slavyan Universitetinin Azərbaycanla Rusiya arasındakı humanitar əlaqələrdə xüsusi rol oynaması barədə fikirlərini xatırladıb
“Vahid Rusiya Gənc Qvardiyası” Ümumrusiya İctimai Təşkilatının Tatarıstan regional şöbəsinin rəhbəri Dinar Bariyev Bakı Slavyan Universitetində rus dili və onun tədrisinə xüsusi diqqət ayrıldığına görə universitetin rəhbərliyinə minnətdarlıq edib. Dinar Bariyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının beynəlxalq əlaqələrindən, bu ölkələrin gəncləri ilə yaxından əməkdaşlıq etmək üçün imkanların geniş olmasından söz açıb.
Sonra qonaqlar universitetdəki Sankt-Peterburq və Moskva mərkəzləri ilə yaxından tanış olublar.
Tədbirin davamında rusiyalı qonaqlar BSU-da rus dili ixtiası üzrə təhsil alan tələblərlərlə görüşüblər.
Tədbir çərçivəsində Moskva mərkəzinin fəaliyyətini əks etdirən qısa videoçarx nümayiş olunub.

SEVINC

Oxşar xəbərlər