NİYAZİ BAYRAMOV: “GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ ÖLKƏMİZİN APARICI UNİVERSİTETLƏRİNDƏN BİRİ HESAB OLUNA BİLƏR”

NİYAZİ BAYRAMOV: “GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ ÖLKƏMİZİN APARICI UNİVERSİTETLƏRİNDƏN BİRİ HESAB OLUNA BİLƏR” Cəmiyyətin hərtərəfli inkişafında həlledici faktora çevrilən təhsil XXI əsrin mühüm reallıqlarını özündə təcəssüm etdirir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatın güclü və vətəndaşların rifah səviyyəsinin yüksək olmasına zəmin yaradır.
Azərbaycan təhsilinin inkişafında xidmətləri olan və 80 illik yubileyini qeyd edən Gəncə Dövlət Universiteti 1938-ci ildə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayıb. Sonra isə uzun illər Kirovabad Dövlət Pedaqoji İnstitutu kimi respublikamızın qərb zonasının məktəbləri üçün minlərlə peşəkar mütəxəssis hazırlayan bir təhsil ocağı olubdur. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyətini davam etdirən universitet kadr hazırlığının əhatə dairəsini genişləndirərək respublika ali təhsil ocaqları sırasında önəmli yerlərdən birini tutur.
Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır. Gələcək uğurlarımızın yeganə təminatı isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün ictimaiyyətə dərindən aşılamaqdır. Təhsil sahəsinə göstərilən yüksək qayğıya cavab olaraq Gəncə Dövlət Universitetinin ilbəil maddi-texniki bazasını daha da genişləndirməsi, İnformasiya-Kommunikasiya Texnologiyaları nailiyyətlə­rin­dən yüksək dərəcədə bəhrələnməsi, təhsilin səviyyəsini müasir Avropa standarlarına uyğunlaşdırması sevindirici haldır.
Beynəlxalq əlaqələri artan Gəncə Dövlət Universitetinin müəllim və tələbələri Respublikamızı xarici ölkələrdə müxtəlif sahələrdə uğurla təmsil edirlər. Elə universitetin özü də beynəlxalq kon­frans­lara dəfələrlə ev sahibliyi etmiş və bu sahədə zəngin təcrübə qazanmışdır.
Gəncə Dövlət Universitetini indi yalnız Qərb bölgəsindən deyil, respublikanın müxtəlif guşələrindən olan yüksək ballı abituriyentlərin də seçməsi diqqətəlayiq cəhətlərdəndir. Gəncə Dövlət Universiteti bu gün özünün elmi və ictimai göstəricilərinə görə ölkəmizin aparıcı universitetlərindən biri hesab oluna bilər.
Əsas məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək sə­viy­yəli mütəxəssisini hazırlamaqdır. Odur ki, qarşıdakı məqsədə çatmaq üçün professor-müəllim heyəti strateji istiqamətləri dəqiq müəyyənləşdir­məli­dir.
Yüksək ixtisaslı kadrlar hazırlığına layiqli töhfələr verən Gəncə Dövlət Universitetinin professor-müəllim heyətini, tələbələrini bu təhsil ocağının 80 illik yubileyi münasibətilə təbrik edir, uğurlar arzulayıram.

GDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər