Ümummilli liderimiz daim xalqımızın qəlbindədir

Ümummilli liderimiz daim xalqımızın qəlbindədir Azərbaycan Dövlət Dəniz Akademiyasında Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi sədrinin müavini Nəzrəddin Əhmədzadə, Gəmiçiliyin və Akademiyanın rəhbər işçiləri, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.
Ümummilli liderimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan mərasimi tədris və tərbiyə işləri üzrə prorektor Zahid Şərifov giriş sözü ilə açaraq, Heydər Əliyevin nəsillərə örnək olan böyük şəxsiyyətindən, Azərbaycan tarixində xilaskarlıq missiyasından, dövlətçiliyimizin bərpasında və inkişafında misilsiz xidmətlərindən danışıb.
Mərasim iştirakçıları Ulu öndər haqqında sənədli videomateriala baxdıqdan sonra çıxışlar səslənib. Akademiyanın “Humanitar fənlər” kafedrasının müdiri İlqar Abdullayev Azərbaycan xalqını, dövlətini müstəqilliyinə qovuşduran və hakimiyyəti illərində bu müstəqilliyi göz bəbəyi kimi qoruyub saxlayan Heydər Əliyev kimi dühanın müdrik rəhbərliyi, çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı əvəzsiz xidmətləri ilə ölkəmizin taleyində həlledici rol oynadığını vurğulayıb.
Azərbaycanda Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı Ümummilli liderimizlə bağlı xatirələrindən, bu dahi şəxsiyyətin gənclərə diqqət və qayğısından, Azərbaycanda Gənclər gününün təsis edilməsinin tarixindən ətraflı söhbət açıb, öz səmimi çıxışı ilə auditoriyanın rəğbətini qazanıb.
Bu il Akademiyaya “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə daxil olmuş ilk xanım tələbəmiz Nərgiz Səfərli Heydər Əliyev siyasi kursunun layiqli və yorulmaz davamçısı, dövlət başçısı İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirdiyini bildirib. Qeyd edib ki, İlham Əliyev siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Anım mərasimində səslənən bütün çıxışlarda belə bir ümumi fikir ifadə olunub ki, Prezident İlham Əliyev Azərbaycanı gələcəyə inamla aparır. Onun prezidentlik dövrünün 15 ilinin yekunları göstərir ki, Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir. Azərbaycan xalqı uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanmış İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir.

ADDA-nin Mətbuat Xidməti

Oxşar xəbərlər