ADPU-un Tarix və Coğrafiya Fakültəsinin tələbəsi yazır: Gənclərə təhsil və inkişaf üçün hərətərəfli mühit yaradan ali təhsil müəssisəsi

ADPU-un Tarix və Coğrafiya Fakültəsinin tələbəsi yazır: Gənclərə təhsil və inkişaf üçün hərətərəfli mühit yaradan ali təhsil müəssisəsi Mənim Pedaqoji Universitetə qəbul olunmağım, açığı, xüsüsi istəklə bağlı olmamışdı, sadəcə, istədiyim ixtisasa uyğun seçim prosesində qeyd etdiyim universitetlər arasından Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və Coğrafiya fakültəsinə qəbul olundum. Hə, bu 2016-cı ildə olub. O vaxt universitetdə qatıldığım ilk tədbirlərdən birində universitetin böyük akt zalında çəkdirdiyim bir fotomu sosial şəbəkədə paylaşaraq “ADPU və mən. İkimizə də xeyirli-uğurlu olsun!” deyə yazmışdım. Xeyirli oldu deyə bilərəm bu gün keçmişə baxarkən: sözün hər iki mənasında; həm mənə, həm artıq mənə doğma olan universitetimə.
Bu qısa yazımda sizləri, məxsusən gənc abituriyent dostlarımı həyatımın ən yaxın bələdçilərindən biri olan bu müqədddəs ocaqla tanış etmək istəyirəm. Öncə ondan başlayaq ki, Pedaqoji Universitet haqda səhifələrlə yazmaq olar, mənsə, onun 8 fakültəsi, paytaxtdakı 4 tədris korpusu, 1 kolleci, bölgələrdəki 5 filial bölmələrindən yox, sırf Tarix və Coğrafiya fakültəsi misalında təsəvvür yaratmağa çalışacağam. Elə isə, başlayaq.
Tarix və Coğrafiya. Bu iki həyati bələdçi elmlərin tədris olunduğu bir fakültə necə ola bilər ki? Elmi, ictimai, sosial fəaliyyətlərin beşiyi olan bal dolu bir arı pətəyinə bənzədirəm fakültəni. Ona görə ki, heç kim və heç vaxt burada darıxmaz. Nə müəllimlər, nə tələbələr. Profesional bilikli, təcrübəli, yüksək səviyyəli, innovativ, yeni texnologiya və metodlar tətbiq edən, ən əsası isə tələbələrə sevgi dolu, gülərüz, mehriban müəllimlər, həvəsli, elmə, öyrənməyə və yaratmağa ac tələbə-gənclər, lazımi və normal infrastruktur. Bütün bunların vəhdətində təbii ki, darıxmamaq, ya da darıxmağa vaxt olmaması tam təbiidir.
Bütün dərslər bir-birindən maraqlı keçir. Çünki burada müəllim-tələbə tabeçiliyi deyil, müəllim-tələbə əməkdaşlığı var. Qrup dərsləri, tələbə tətdiqatları, praktiki işlərin maraqlı təqdimatlarından tutmuş, Tələbə Elmi Cəmiyyətinin konfranslarına məqalələr hazırlanmasına, tələbələrin fakültə, universitet, universitetlərarası və ölkə miqyaslı istədikləri bütün mövzularda – elmi, ictimai, bədii, mədəni-kütləvi tədbirlərini özlərinin təşkil edə biləcəkləri öz təşkilatları – Tələbə Gənclər Təşkilatının (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültə üzrə təşkilatları, bu təşkilatların daxildə müxtəlif maraq qruplarının, klubların (İntellektual Oyunlar Klubu, Art Klub, Vətənpərvərlik departamenti, Elm və Təhsil departamenti və s.) fəaliyyəti və digər bütün tələbə təşəbbüslərinə, xüsusilə fakültə və universitet rəhbərliyinin hərtərəfli dəstəyi buranı hər bir gənc üçün məhsuldar gələcək qurmaq yolunda xeyli cəlbedici edir. Yəni bu fakültədə dərslə yanaşı asudə vaxtın təşkili, ictimai fəaliyyət üçün də geniş imkanlar vardır. Təkcə onu demək kifayətdir ki, hazırda ölkədə ən öncül və ölkəmiqyaslı layihələr icra edən, cari ildə üzvlərinin Azərbaycan Gənclər Fondundan 5 qrant layihə udduğu ADPU TGT-in son üç sədri də məhz tarix və Coğrafiya fakültəsinin tələbələridir. Bütün bu xüsusiyyətlər fakültəmizi universitetdə və kənarda seçilən, öncül fakültələrdən edir. Bunlarla yanaşı ümumən Pedaqoji Universitetin ən böyük üstünlüklərindən biri odur ki, o hər zaman, hər bir sahədə tələbələrlə əməkdaşlığa hazırdır. Yəni hər hansı mühitdə problemin olması təəccüblü deyil, lakin diqqətəlayiq olan odur ki, Pedaqoji Universitetdə, o cümlədən fakültəmizdə problemlərin həllində tələbələrin iştirakına, onların fikirlərinə və onlarla əməkdaşlığa çox böyük önəm verilir.
Ələxsus, qeyd olunmalı və gəncləri ən çox maraqlandıran məsələlərdən biri də şəffaflıqdır ki, bu fakültədə və bu universitetdə təhsil alan bir tələbə kimi tam əminliklə deyə bilərəm ki, idarəetmənin, tədrisin və qiymətləndirmə-imtahan prosesinin şəffaflığı nəzəriylə baxarkən burada siz ancaq nurlu və ümüdverici gələcəyin şölələrini görəcəksiniz. Çünki, imtahan proseslərinin tam şəffaflığı təmin edilib. Universitetdə bütün imtahanlar yazılı formada həyata keçirilir və imtahan işləri tam anonim və obyektiv surətdə qiymətləndirilir. Bəlkə, hansısa, tənbəl dostlarımızın ürəyincə olmayacaq, fəqət balaca fidanlarımızın sağlam təhsil-tərbiyəsi adına əmin ola bilərsiniz ki, siz ancaq öyrəndiyinizin qiymətini alacaqsınız. Hədəf olaraq, daha obyektiv və effektiv üsul kimi şifahi imtahan sisteminə keçid üzərində də işlər görülür. Tələbələrimizin bu çağırışlara necə cavab verməsi isə hər semestr içində mənim də olduğum onlarla zərbəçi və əlaçı tələbələrimiz müəyyən edir.
Məlum olduğu kimi ADPU 2021-ci ildə öz möhtəşəm 100 illiyini qeyd edəcək ki, bununla əlaqədar olaraq rəhbərlik tərəfindən “2018-2021-ci illər üzrə Strateji İnkişaf Planı” qəbul edilmişdir. Bu tədbirlər çərçivəsində universitetdə tədrisin keyfiyyəti, idarəetmə, maddi-texniki və tələbə və müəllimlərin sosial təminatlarının gücləndirilməsi, innovasiyalar, elmi tətqiqat mərkəzlərinin təşkili və fəaliyyəti ilə bağlı son illərdə xeyli işlər görülmüşdür. Bu gün artıq Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkənin ən seçilən ali təhsil müəssisələrindən biridir.
Tarix və coğrafiya fakültəsiylə bağlı bəzi statistik göstəriciləri, üstünlükləri diqqətinizə çatdırım: ali təhsilin bakalavriat səviyyəsində 1554, magistratura səviyyəsində 126 tələbənin və 15 nəfərin ikinci ali təhsil aldığı fakültədə dərslər Azərbaycan və rus bölmələri üzrə aparılır. Fakültədə 7 kafedra - Ümumi tarix, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası, Azərbaycan tarixi, İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası, Ümumi coğrafiya, Ümumi pedaqogika, Fəlsəfə və sosial fənlər kafedraları fəaliyyət göstərir. Bu kafedralarda ümumilikdə 123 nəfər professor-müəllim heyəti çalışır ki, onların içərisində 1 nəfər akademiyanın müxbir üzvü, 11 professor, 51 dosent, 34 baş müəllim, 27 müəllim var. Fakültənin professor-müəllim heyəti mütəmadi olaraq müxtəlif konfrans, simpoziumlarda iştirak edir, xeyli tədris və elmi-tədqiqat əsərlərinin müəllifləridirlər. Ötən il Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “AXC parlamentinin 100 illiyinə həsr olunmuş elmi konfrans” keçirilmişdir.
Bakalavriat səviyyəsində “Tarix müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Coğrafiya müəllimiliyi” və “Sosial iş” ixtisasları üzrə, magistratura səviyyəsində isə “Tarix fənninin tədrisi metodika və metodologiyası”, “Pedaqogika nəzəriyyəsi və tarixi”, “Menecmentin təşkili və idarə olunması” və “Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. O cümlədən təhsil müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə geniş və işıqlı auditoriyalarda dövrün tələblərinə uyğun tədris olunur, tələbələr yüksək səviyyədə müxtəlif müəsisələrdə və orta məktəblərdə praktika keçir, çöl təcrübələrində iştirak edirlər.
Fakültədə mütəmadi olaraq elmi-innovativ seminarlar, konfranslar, təlimlər və ustad dərsləri, hər tədris ilinin sonunda “Açıq qapı günü” keçirilir. Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Təşkilatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin ADPU Filialı, bədii özfəaliyyət kollektivi fəaliyyət göstərir, fakültə nəzdində tarix-etnoqrafiya muzeyi, Davamlı İnkişaf kabineti yaradılmışdır və GİS (Coğrafi İnformasiya Sistemləri) laboratoriyasının təşkili üçün müzakirələr aparılır. Həmçinin müasir kompüterlərlərlə təchiz olunmuş kitabxana-informasiya sistemi, qızlar üçün yataqxana, geniş yeməkxana, bufet, tam təchizatlı idman zalı, bir 200 nəfərlik, iki 75 nəfərlik texniki vasitələrlə tam təmin olunmuş akt zalı, Heydər Əliyev Mərkəzi (mərkəzdə müxtəlif tədbirlərin, toplantıların keçirilməsi üçün 60 nəfərlik hər cür texniki təminatlı dairəvi masa, o cümlədən mərkəzin nəzdində təsis edilmiş muzey fəaliyyət göstərir) və müasir təlim avadanlıqları ilə təmin edilmiş təlim otaqları da tələbələrin xidmətindədir.
Bütün bunlarla belə, inanırıq ki, aparılan davamlı islahatlar nəticəsində universitetimiz və fakültəmiz daha da inkişaf edəcək, sırf təhsilvermə kimi məhdudlaşdırıcı çərçivəni tezliklə qıraraq tədqiqat və istehsalat, bilikləri sertifikatlaşdırma və dəstəkləmə mərkəzi olaraq bir Azərbaycan brendi olmaq hədəfinə yetişəcəkdir. Siz də gəlin, bütün bunları birlikdə edək! Güclü və zəkalı gənclik, qüdrətli Azərbaycan naminə!
Haşiyə: Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Tarix və Coğrafiya fakültəsi haqqında ətraflı və mütəmadi məlumatı rəsmi sayt və sosial şəbəkə hesablarını izləyərək əldə edə bilərsiniz: ADPU rəsmi saytı: http://adpu.edu.az/ ADPU rəsmi Youtube kanalı: https://www.youtube.com/channel/UC5Q7x0koiOcs41mmp5FUvSg ADPU rəsmi facebook səhifəsi: https://www.facebook.com/adpu.official/ ADPU Tarix və Coğrafiya fakültəsinin facebook səhifəsi: https://www.facebook.com/adputc/
ADPU Tarix və Coğrafiya fakültəsinin instagram səhifəsi:
https://www.instagram.com/adpu_tarix_cografiya/
ADPU Tələbə Gənclər Təşkilatının rəsmi facebook səhifəsi:
https://www.facebook.com/adpu.tgt.az/

ADPU Tarix və Coğrafiya fakültəsinin III tədris ili tələbəsi, ictimai fəal,
Tarix və Coğrafiya fakültəsinin TGT sədri Taleh MİRZƏYEV


ADPU-un Tarix və Coğrafiya Fakültəsinin tələbəsi yazır: Gənclərə təhsil və inkişaf üçün hərətərəfli mühit yaradan ali təhsil müəssisəsi

ADPU-un Tarix və Coğrafiya Fakültəsinin tələbəsi yazır: Gənclərə təhsil və inkişaf üçün hərətərəfli mühit yaradan ali təhsil müəssisəsi

ADPU-un Tarix və Coğrafiya Fakültəsinin tələbəsi yazır: Gənclərə təhsil və inkişaf üçün hərətərəfli mühit yaradan ali təhsil müəssisəsi

Oxşar xəbərlər