İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən bədii qiraət müsabiqəsinin açılışı olub

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən bədii qiraət müsabiqəsinin açılışı olub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı bədii qiraət müsabiqəsi keçirilir.
Aprelin 2-də universitetdə ali məktəblər arasında keçirilən müsabiqənin açılışı olub.
Mərasimdə çıxış edən rektor, professor Ceyran Mahmudova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini xatırladıb, bununla bağlı ADMİU-da tədbirlər planının hazırlandığını söyləyib. Qeyd edib ki, ali məktəblər arasında təşkil olunan bədii qiraət müsabiqəsi də bu silsilədən olan tədbirlər sırasına daxildir.
Rektor müsabiqənin şərtləri barədə məlumat verib. Bildirib ki, iki mərhələdən ibarət layihənin yekununda Beynəlxalq Muğam Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi və qala konsert keçiriləcək, I, II və III yerlərin sahiblərinə diplom və pul mükafatı veriləcək.
C.Mahmudova iştirakçılara uğurlar arzulayıb və müsabiqənin birinci mərhələsi başlayıb. Müsabiqənin birinci günündə 23 nəfər çıxış edib. İştirakçılar Nəsiminin şeirlərini söyləyib, şairin irsinə həsr olunan əsərləri təqdim ediblər. İştirakçılardan 10-u növbəti mərhələyə keçib. Münsiflər heyətinə Milli Məclisin deputatı, professor Jalə Əliyeva, akademik Teymur Kərimli, Xalq artisti Eldost Bayram, Əməkdar artist Gülşən Əkbərova, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və professor Tərlan Quliyev daxildir.
Müsabiqə aprelin 17-dək davam edəcək.

ADMİU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər