ADU-da Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

ADU-da Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) Aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində dəyirmi masa keçirilib.
Tədbirdə Aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla bu günün işığına toplaşmağın şərəfli və məsuliyyətli olduğunu deyib: “Aprel döyüşləri xalqımızın, ölkə rəhbərliyinin, Ali Baş Komandanın şücaəti, cəsarəti, dünyaya Azərbaycanı ləyaqətlə tanıtması nöqteyi-nəzərindən son dərəcə ibarətamiz tarixin hissəsidir. Biz tarixin bu hissəsini ömür boyu yaşatmalıyıq. Sabah bizim böyük qələbələrimiz olacaq. Sabah aprel döyüşlərindən həcmcə böyük uğurlar bizi gözləyir. Aprel dönüş, qayıdış oldu. Aprel Cocuq Mərcanlı, Talış yüksəklikləri, Lələtəpə oldu. Bütün Azərbaycan xalqını sevindirə bilən Prezidentimiz dünyaya sübut elədi ki, Azərbaycan ordusu öz qarşısında olan bütün qüvvələrə qarşı yenilməzdir. Yenilməzlik o demək deyil ki, biz dünyanın bütün ordularına qalib gələ bilərik, yenilməzlik o deməkdir ki, biz onların hamısına öz gücümüzü göstərə bilərik.
Tale elə gətirdi ki, mən Talış yüksəkliyində də olmuşam, Cocuq Mərcanlıda da olmuşam. Əsgərlərimizlə, zabitlərimizlə görüşdük. Əsgərlərimiz çox mülayim, eyni zamanda mərd idilər. Bir şeyi hiss etdim ki, bu gün həmin azad edilmiş torpaqlar etibarlı əllərdədir. Layiqli sinələr qoruyur bu gün Azərbaycanı. O yüksəkliyə çıxdıq, gördük ki, müharibə şəraiti üçün o yüksəkliyi əldə etmək asan məsələ deyil. O yüksəkliklərin əldə edilməsi strateji nöqteyi-nəzərdən son dərəcə vacib məqam idi”.
Universitet rəhbəri tələbələrin bir sıra regionlarda yerləşən məcburi köçkün məktəblərində pedaqoji təcrübə keçdiklərini diqqətə çatdırıb: “Cocuq Mərcanlı Azərbaycanın gözəl yaşayış məntəqəsinə çevrilib. Bu gün Cocuq Mərcanlıda bizim Dillər Universitetinin tələbələri artıq neçə aydır ki, pedaqoji təcrübə keçir. Tələbələr Bakı məktəblərində təcrübə keçməkdənsə, Bərdə, Biləsuvar, Mingəçevir və digər rayonlardakı məcburi köçkün məktəblərində təcrübə keçməyə üstünlük verirlər. Hətta Cocuq Mərcanlı məktəbinin direktorunun xahişi ilə biz təcrübə müddətini də artırırıq. Cocuq Mərcanlı üçün bu gün cənab prezidentimizin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında məktəblər tikilib, gözəl şərait, səliqə-səhman yaradılıb. Amma yenə də insanların gözündə həsrət, nisgil var. Yenə də onlara diqqət, dəstək son dərəcə vacibdir. Müəllim və tələbələr ora getmək istədiklərini deyirlər. Hər kəs o müqəddəs savaşa can atır. Ali Baş Komandanın əmri o deməkdir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək, dünyaya öz sözünü deyəcəkdir, öz həqiqətini bir daha hamıya nümayiş etdirəcəkdir”.
Sosial məsələlər və ictimai əlaqələr üzrə prorektor Tamam Cəfərova bugünkü tədbirin Azərbaycanın tarixi qəhrəmanlıq rəmzi olan Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunduğunu deyib: “Biz bu döyüşlərdə 88 şəhid vermişik. Aprel döyüşlərindən artıq üç il keçir. Aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış səhifədir. Hər bir Azərbaycan vətəndaşı, gənclər bu döyüşlərlə fəxr edir. Bu gün Aprel döyüşləri bizim böyük qələbəmizin başlanğıcıdır. Bu döyüşlər göstərdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu qarşısına qoyduğu məqsədlərə çatmağa qadirdir. Sadəcə bizə Ali Baş Komandanın əmri lazımdır. Aprel döyüşləri göstərdi ki, böyükdən kiçiyə qədər bütün Azərbaycan xalqı cənab Prezidentin əmrini gözləyir. Biz bu əmrlə Azərbaycan torpaqlarını azad etməyə hazırıq”.
T.Cəfərova aprelin 2-də Prezident İlham Əliyevin hərbçilərlə görüşdüyünü bildirib: “Bütün bunlar göstərir ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir və dünyaya çatdırdı ki, Azərbaycan mövcud statusla heç vaxt razılaşmayacaq, ərazi bütövlüyü təmin olunmalıdır, Azərbaycan ordusu bunu etməyə qadirdir”.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşünün əks olunduğu videoçarx nümayiş olunub.
Aprel döyüşlərinin qəhrəmanı, “Bayraq” ordeni təltifçisi, mayor Asif Rəsulov, “Gənc vətənpərvərlər” İctimai Birliyinin sədri Muğan Əliyev, 1992-93-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, Psixologiya kafedrasının dosenti Əzim Əliyev Aprel döyüşlərinin Azərbaycan tarixinə düşən şanlı qələbə olduğunu bildiriblər. Həmin döyüşlərdə əsgərlərin vətənpərvərliyi və ruh yüksəkliyi, gənclərin Ali Baş Komandanın əmri ilə döyüşə daim hazır olduqlarından danışıblar. Tələbələrə vətənə layiqli əsgər olmaq, vətəni sevərək həqiqətlərin dünyaya çatdırılmasında fəal olmaq tövsiyə olunub.

ADU-nun Mətbuat Xidməti


ADU-da Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib
ADU-da Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib
ADU-da Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilibADU-da Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilibADU-da Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilibADU-da Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilibADU-da Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər