Qafqaz florasının məşhur tədqiqatçısı Botanika İnstitutunda olub

Qafqaz florasının məşhur tədqiqatçısı Botanika İnstitutunda olub Kuban Dövlət Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Svetlana Litvinskaya AMEA-nın Botanika İnstitutunda elmi ezamiyyətdə olub.
Qonaq əvvəlcə bu elmi müəssisənin direktoru, akademik Validə Əlizadə, ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri Naibə Mehdiyeva ilə görüşüb.
Görüşdə institutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və yenidənqurma işləri barədə məlumat verilib.
Svetlana Litvinskaya institutda müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, Botanika muzeyi və Herbari Fondu ilə tanış olub. O, Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid nümunələrin toplanması və hazırlanması, onların saxlanılma şəraiti və Virtual Herbari Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərə xüsusi maraq göstərib. Botanika İnstitutunun müasir vəziyyətini və əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirən qonaq təşkilatlararası təcrübə mübadiləsi və meşə ekosistemlərinin öyrənilməsi üzrə geniş imkanların olduğunu vurğulayıb.
İnstitut əməkdaşlarının iştirakı ilə təşkil olunan seminarda Svetlana Litvinskaya apardığı tədqiqat işlərinin nəticələri barədə məruzə edib. Təqdim edilən mövzular və müxtəlif botaniki problemlər ətrafında geniş müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər