ADA Universiteti tələbələrinin start-up ideyaları mükafatlandırılıb

ADA Universiteti tələbələrinin start-up ideyaları mükafatlandırılıb ADA Universitetində “ADA Innovation Awards” mükafatının təqdimetmə mərasimini keçirilib.
Builki mükafata 16 tələbə layihəsi namizəd irəli sürülüb. Start-up layihələr “Pasha” Bank, “Pasha Holding”, “Nar Mobile”, İMİC və Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən nəzərdən keçirilib. Tələbələrin innovativ biznes ideyaları orijinallıq, komanda işi, biznes modeli və digər amillər üzrə dəyərləndirilib. Bunların arasında görmə qabiliyyəti zəif və ya tamamilə olmayan insanlar üçün nəzərdə tutulan “Oracİns” tətbiq proqramı 3-cü yerə layiq görülüb. Tətbiq bu qrupdan olan şəxslərə obyekti müəyyənləşdirmədən tutmuş, valyuta tanıma kimi xidmətləri gercəkləşdrəcək. Tələbələrin sözlərinə görə, biznes ideya görmə qabiliyyəti olmayan insanların həyatını yüngülləşdirmək məqsədi güdür. 2-ci yerə tələbələr tərəfindən inkişaf etdirilən “SafeSound”- piyadalar üçün ətraf mühiti anında tanıyan və təhdidlər barədə vibrasiya ilə xəbər verən səs texnologiyalı qulaqcıqlar layiq görülüb. Bu ilki ADA “İnnovation Awards”un qalibi isə gəncləri yeni tanışlıqlara və virtual həyatdan kənar sosiallaşmaya sövq edən “Whoisaround” tətbiqi olub. Tətbiqdən istifadə edərək ziyarət etdiyiniz yerlərdə ictimai kafelərdə, parklarda və konsert salonlarında yeni dostlar tapa bilərsiniz.
Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilməklə yanaşı, 2019-2020-ci tədris ilində ADA İnnovasiya Mərkəzinin “sakinləri” titulunu qazanıb. Tələbələr ADA İnnovasiya Mərkəzinə bir illik “köçərək” biznes ideyalarını inkişaf etdirmək üçün universitet tərəfindən ofis ərazisi, mütəxəssis məsləhəti, investorlar şəbəkəsinə çıxış və digər resurslar şəklində dəstək alacaqlar.
Qeyd edək ki, ADA Universitetinin rektoru Hafiz Paşayevin şəxsi təşəbbüsü ilə təsis edilən ADA İnnovasiya Mərkəzi gənclər arasında innovativ düşüncə tərzi və sahibkarlıq ruhunu artırmaq məqsədilə yaradılıb. Müxtəlif ixtisaslar üzrə oxuyan tələbələr bir komandada birləşərək öz sahələri üzrə bacarıqlarını təcrübədən keçirir, gündəmdə olan məsələlərə orijinal və kommersiya baxımdan gəlirli həll yolları axtarırlar.

ADA-nn Mətbuat Xidməti

Oxşar xəbərlər