Təhsildən yazan jurnalistlər üçün təlimlər keçirilir

Təhsildən yazan jurnalistlər üçün təlimlər keçirilir Təhsil Nazirliyi kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün təlimə başlayıb.
30-dək media nümayəndəsinin iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, bu gün yalnız elm vasitəsilə respublikanın gələcək inkişafını təmin etmək mümkündür. Ölkədə elmin, təhsilin təbliğində KİV mühüm rol oynayır. Elm və təhsil haqqında informasiyaların yayımlanmasında, cəmiyyətə çatdırılmasında jurnalistlər daha həssas davranmalıdır. Çünki media təkcə informasiya vermir, həm də təbliğ edir. Son dövrdə ölkəmizdə KİV-lərin sayı, peşəkarlıq səviyyəsi artıb.
Nazir müavini qeyd edib ki, bu təlim təhsil sahəsindən yazan jurnalistlərin müvafiq sahədə biliklərini daha da təkmilləşdirəcək. Bununla yanaşı, təhsil xəbərlərini hazırlayarkən onların daha dəqiq və obyektiv işləmələrinə töhfə verəcək.
Qeyd olunub ki, müstəqillik illərində, xüsusilə də son dövrlərdə təhsil sahəsində uğurlu islahatlar həyata keçirilib. Bu islahatların nəticələrinin ictimaiyyətə çatdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan təşkil edilən təlim onlar üçün çox faydalı olacaq.
İki gün davam edəcək təlimin ilk günündə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyas)”, “İstedadlı uşaqlarla iş”, “Məktəb tikintisi”, “Ümumi təhsil haqqında”, “Təhsil haqqında” qanunlara dəyişikliklər, “Məktəblinin dostu - təhlükəsiz məktəb, arxayın valideyn”, “Dərsliklərlə təminat - mövcud vəziyyət və əsas hədəflər” və “Ehtiyat dərsliklər” mövzularında təqdimatlar olacaq və fikir mübadiləsi aparılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər