ADPU-da ingilis dilinin tədrisinin səviyyəsinin artırılması diqqət mərkəzindədir

ADPU-da ingilis dilinin tədrisinin səviyyəsinin artırılması diqqət mərkəzindədir Müasir dövrümüzdə innovativ təlim metodlarından lazımi qədər faydalanmağı bacaran, təlim məzmununun səmərəli şəkildə mənimsənilməsinə nail olan peşəkar müəllimlərin formalaşdırılması hər bir ali təhsil müəssisəsində olduğu kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində də ən ümdə məsələlərdən biridir. O cümlədən universitetdə ingilis dilinin tədrisinin səviyyəsinin artırılması da rəhbərliyin xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə atılan prioritet addımlardan biri də ABŞ-ın ölkəmizdəki səfirliyinin müxtəlif təhsil proqramları çərçivəsində amerikalı mütəxəssislərin universitetə cəlbi olmuşdur.
Artıq üç aydır ki, ingilis dili mütəxəssisi Diane Whaley ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi” proqramı çərçivəsində universitetin bir qrup ingilis dili müəlliminə təlimlər aparır. Təlimlərin əsas mövzusu müasir kommunikativ metodlara əsaslanan dərs prosesinin təşkilidir.
Təlimlərdə iştirak edən bəzi müəllimlər öz təəssüratlarını bizimlə bölüşdülər.
Günay Əfəndiyeva, İngilis dili kafedrasının müəllimi: Artıq bir neçə aydır ki, ingilis dili müəllimlərimiz universitetimiz tərəfindən təşkil olunan və amerikalı mütəxəssis Diane Whaley tərəfindən böyük səy və maraqla aparılan, öz müsbət nəticələrini tez bir zamanda göstərən təlimlərdə iştirak edirlər .Həm müəllimlərimiz, həm də tələbələrimiz baxımından faydalı olan, çoxdan bəri gözlənilən, dərslərdəki müvafiq boşluqları ən son öyrətmə üsulları ilə tamamlamağı göstərən, yeniliklə zəngin, ingilis dili müəllimlərinə müasir kommunikativ metodlara əsaslanan dərs prosesini daha sistemli və asan yollarla qurmağı öyrədən möhtəşəm bir layihədir.
Təlimdə nəzəri biliklərin dərhal praktikaya çevrilməsini, dərsin tələbəyönümlü qurulmasını, onların daha fəal olacağı dialoqların, qrup işlərinin, əyləncəli, eyni zamanda öyrədici oyunların tərcümədən maksimum şəkildə az istifadə edərək asan təşkilinin yeni yollarını öyrənirik.
Təlim zamanı Diane xanımın uzun illərə dayanan iş təcrübəsindən, dərin biliklərindən, dilin öyrədilməsi barədə şəxsi qənaətlərinə əsaslanan orijinal fikirlərindən, bəhrələnirik. Eyni zamanda müəllimlərimiz öz təcrübələrini və ideyalarını paylaşır və fikir mübadiləsi apararaq maraqlı diskussiyalar təşkil edirlər. Təlim zamanı müəllimlər onlara təqdim olunan müasir amerikalı müəlliflərin kitab, jurnal və lüğətlərindən istifadə edərək zəngin və sistemli bir təcrübə əldə edirlər. Bu təlimin müsbət təsirlərinin uzun illər həm muəllimlərimizin iş təcrübəsində, həm də onların öyrətdikləri tələbələrin biliklərində dərin izlər qoyacağına əminəm.
Bu prosesdə ingilis dili müəllimlərinin yoluna işıq tutan, təlimin təşkilində və mükəmməl şəkildə sona çatdırılmasında əməyi olan hər kəsə təsəkkür edirəm.
Jalə Səmədova, İngilis dili və onun tədrisi metodikası kafedrasının müəllimi: ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəsissi” proqramı çərçivəsində fəaliyyət göstərən Diane Whaley artıq üç aydır ki, ADPU-da ingilis dili müəllimləri üçün dinləmə, danışıq, yazı və oxu bacarıqlarından təlim keçir. Diane Whaley bu təlimlərdə ingilis dili müəllimlərinə xarici dilin tədrisi zamanı kommunikativ və interaktiv metodlardan necə istifadə olunmasını, eləcədə tələbə yönümlü tədris haqqında nəzəri və metodoloji mövzulara toxunur, tələbələrdə 4 bacarığın (dinləmə, oxu, yazı və danışıq) inkişaf etdirilməsi üçün uğurlu şəraitin yaradılması haqqında ətraflı məlumat verərək ingilis dili müəllimlərini xeyli məlumatlandırır. Təlim müddətində müəllimlər Diane xanımın öyrətdiklərini uğurla öz dərslərində tətbiq etdilər, müxtəlif maraqlı oyunlar keçirərək tələbələrdə xarici dilin öyrədilməsində motivasiyanı yüksəldib, kommunaktiv yönümlü təlimi uğurla tətbiq etdilər. Bu təlimlər bizim üçün çox maraqlı və faydalı oldu. Düşünürəm ki, bu təlimlərlə universitetdə ingilis dilinin yeni üsulla tədrisinin əsası qoyulacaqdır.
Yaradılmış şəraitə görə rektorumuz, professor Cəfər Cəfərov başda olmaqla, universitet rəhbərliyinə, ABŞ səfirliyinə və təlimçimiz Diane xanıma xüsusi minnətdarlığımı bildirirəm.
Qəribə Məmmədova, İngilis dili kafedrasının dosenti: Üç aydır ki, biz, ingilis dili müəllimləri, bu təlimlərdə bir daha bildiklərimizi təkrarlayıb, bilmədiklərimizi öyrəndik. Bu təlim bizi təhsilə yeni yanaşma konsepsiyasına görə formalaşdırdı, tələbəyönümlü təhsil üçün bizdə mühüm bacarıqlar və vərdişlər yaratdı.
Öyrəndiklərimizi qruplarımızda təlimçi Diane Whaleyin iştirakı ilə tətbiq etdik və gözəl nəticələr qazandıq. Metodik ustalıqlarımızı artırdıq, bu müddətdə dil mühitində olduq, şifahi nitqimizi inkişaf etdirdik, müxtəlif oyunlar, əyləncəli tapşırıqlar etdik, TKT-dən qazandığımız təcrübəni bir daha təkmilləşdirdik.
Əlbəttə ki, təlimçi Diane xanımın da əməyi böyük oldu. O bizi dünyada çıxan ən yeni nəşrlərlə tanış etdi, nümumələr verdi, müxtəlif yeni mənbələrlə və müasir metodlarla dərsləri necə zənginləşdirməyi öz məşğələlərində əyanı olaraq göstərdi.
Onunla sinifdaxili və sinifdənxaric keçirdiyimiz tədbirlər onun və hər birimizin qəlbində dərin izlər buraxdı.
Bütün bunlara görə şəxsən rektorumuz Cəfər müəllimə və bu layihənin yaradıcılarına, bu işdə əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Müəllimlərin inkişafı məqsədilə keçiriləcək bütün tədbirləri alqışlayır və sizə bu işlərdə uğurlar diləyirik.
Nüşabə İsmayılova, İngilis dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi: Mən aprel ayından ingilis dili mütəxəssisi Diane Whaley-in təlimlərinə qatılıram. Bu təlim digərlərindən onunla fərqlənirdi ki, biz müəllimlər burada hər keçilən dərsdə yeni və maraqlı metodlarla tanış olur və Diane xanımın bizə təqdim etdiyi müasir tipli kitablardan bəhrələnərək dərslərimizi yeni üsullarla daha da rəngarəng, maraqlı və səmərəli keçməyə nail oluruq. Diane xanım bizim dərslərimizdə də iştirak edərək qruplarla təşkil olunan oyunların tələbələr tərəfindən necə sevildiklərini və tələbələrdəki canlanmanın, danışıq bacarığının artmasının şahidi olmuşdur.
Diane Whaley-in məhz bizim universitetimizə gəlməsi üçün universitetimizin rektoru, professor Cəfər Cəfərova, ABŞ-ın ölkəmizdəki səfirliyinə və bu işdə əməyi keçən bütün rəhbər işçilərə öz dərin minnətdarlığımızı bildiririk.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oxşar xəbərlər