Xarici dili öyrənmək üçün dil mühitinin olması vacibdi

Xarici dili öyrənmək üçün dil mühitinin olması vacibdi Azərbaycan Dövlət Pedaqoji Universiteti təhsilin keyfiyyətinin artırılmasını özündə ehtiva edən tədbirlər zərfində keyfiyyətli ingilis dili tədrisinə də hər zaman xüsusi diqqət ayırmışdır. Bu istiqamətdə bir çox işlər görülmüşdür ki, bunlardan biri də ingilis dilində danışıq vərdişlərinin təkmilləşdirilməsi və bu vərdişi qoruyub saxlamaq istəyən universitetin bütün tələbə və əməkdaşları üçün ödənişsiz danışıq klublarında iştirak etmək imkanlarının yaradılması olmuşdur. Danışıq dərslərinin ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Fulbrayt ingilis dili tədris yardımçısı” (Fulbright English Teaching Assistant) proqramı çərçivəsində İan Dooley tərəfindən aparılması diqqətçəkən məqamlardandır.
Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Könül Həsənova, ilboyu davam edən dərsləri ingilis dilinda danışıq və dinləmə bacarıqlarını artırmaq istəyən hər bir şəxs üçün bir şans kimi dəyərləndirdi. Azərbaycan tarixi kafedrasının əməkdaşı Sahibə Musayeva xarici dili öyrənmək üçün mühitin olmasının, danışıq saatlarının məhz dil daşıyıcısı tərəfindən aparılmasının xüsusi əhəmiyyətini qeyd etdi.
Xarici dillər kafedrasının əski əlifba (fars dili) fənninin müəllimi Aygün Əlizadə və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşı Sevda Aslanlı ümumilikdə dərslərin ünsiyyət imkanlarının genişlənməsində böyük əhəmiyyəti olduğunu vurğuladılar.
“İngilis dili müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Aysel Hüseynova və Sabah qruplarında “İbtidai sinif müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Kəmalə Quliyeva dil daşıyıcı ilə ünsiyyətdə olmağın vacib və maraqlı olduğunu, xaricilərlə söhbət edərkən öyrəndikləri yeni ifadələrdən rahat istifadə etdiklərini bildirdilər.
Qeyd edək ki, İan Dooley 2018-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərir. Bu müddətdə səfər etdiyi proqrama uyğun olaraq tədris yardımçısı kimi dərslərə qoşulmuş, ingilis dili müəllimləri üçün təşkil edilmiş təlimlərdə iştirak etmiş, təcrübəsinə əsasən Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları üçün kitabxana fəaliyyətinin daha səmərəli təşkili və “Kitabxana fondunun mühafizəsi və kitabların saxlanması” mövzularında təqdimatlar etmişdir.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi



Oxşar xəbərlər