Fulbrayt proqramı çərçivəsində daha bir mütəxəssis ADPU-da fəaliyyətə başladı

Fulbrayt proqramı çərçivəsində daha bir mütəxəssis ADPU-da fəaliyyətə başladı Noyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi İngilis dili Mütəxəssisi Proqramı çərçivəsində ADPU-da fəaliyyətə başlamış ingilis dili mütəxəssisi Diane Whaley ilə görüşdü.
Qonağı salamlayan rektor ölkəmizin təhsil sistemi, universitetin tarixi, hazırda aparılan islahatlar haqqında ətraflı məlumat verdi. Professor Cəfər Cəfərov qloballaşan təhsilin ən mühüm amillərindən biri kimi ingilis dilinin əhəmiyyətindən, eyni zamanda universitetdə onun tədrisi səviyyəsinin yüksəldilməsi məqsədilə atılan addımlardan bəhs etdi. ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə, həmçinin Fulbrayt proqramı çərçivəsində ADPU-da mütəxəssislərin fəaliyyəti barədə də qonağa ətraflı məlumat verdi.
Azərbaycana ilk dəfə səfər edən mütəxəssis qısa müddət ərzində fəaliyyət göstərəcəyinə baxmayaraq, universitetin professor-müəllim heyəti ilə sıx əməkdaşlıq çərçivəsində mühüm işlər görüləcəyinə ümid etdiyini bildirdi.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi İngilis dili Mütəxəssisi Proqramı çərçivəsində mütəxəssis Diane Whaley 2018-ci ilin noyabr-dekabr aylarında ADPU-da fəaliyyət göstərəcəkdir. Bu müddət ərzində universitet rəhbərliyi, professor-müəllim heyəti və digər maraqlı tərəflərlə görüşlərin keçirilməsi, ingilis dili müəllimlərinin dərslərində iştirak, təlimlərin təşkili, həmçinin İngilis dili müəllimliyi ixtisası üzrə tədris planına dair təkliflərin verilməsi nəzərdə tutulur.
20 ilə yaxın iş təcrübəsi olan mütəxəssis müəllim hazırlığı üzrə kurikulumların hazırlanması, təlimçilərin təlimi layihələrinin həyata keçirilməsi, ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yerli və beynəlxalq proqramların hazırlanması kimi sahələrdə çalışmışdır. Johns Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbində (SAİS) İngilis dili proqramının direktoru, həmçinin İngilis dili mütəxəssisi, ingilis dili tədqiqatçısı (Fellow) kimi 100-dən çox müəllim üçün təlimlər keçirmişdir. SAİS və Montevideo Universitetində fəaliyyət göstərdiyi müddətdə əsasən gənc əməkdaşların və müəllim yardımçılarının dərslərinin müşahidəsi, qiymətləndirilməsi, monitorinqi ilə məşğul olmuşdur.
Qeyd edək ki, Diane Whaley ingilis dili mütəxəssisi kimi Braziliya, Misir, Uruqvayda fəaliyyət göstərmiş, həmçinin Syracuse Universitetinin İngilis dili İnstitutu, Duke Universitetinin Fuqua Biznes Məktəbi və Sanford Dövlət Siyasəti
Məktəbi, Johns Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbində, Səudiyyə Ərəbistanında bir sıra təşkilatlarda, İstanbul Dil və Mədəniyyət Assosiasiyasında çalışmışdır.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oxşar xəbərlər