
Tamaşanın elmi məsləhətçisi İsa Həbibbəyli Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə və onun hüdudlarından kənarda Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr edilən müxtəlif tədbirlər keçirildiyini bildirib. O deyib ki, AMEA-nın elmi-tədqiqat institutlarında bu münasibətlə elmi sessiyalar, seminarlar, konfranslar təşkil edilir. Mirzə Cəlilin 150 illiyinə akademiya və ona bağlı olan qurumlar sanballı nəşrlər hazırlayırlar. Bu gün isə Ədəbiyyat İnstitutu Akademik Milli Dram Teatrı ilə birlikdə Cəlil Məmmədquluzadənin 150 illiyini onun “Dəli yığıncağı” əsəri əsasında hazırlanmış tamaşasına kollektiv baxışla qeyd edir. Akademik çıxışında Cəlil Məmmədquluzadənin digər əsərlərinin də bədii dəyəri və milli mövqeyi haqqında fikirlərini bölüşüb.
Qeyd edək ki, ikihissəli satirik pamfletin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Xalq artisti Siyavuş Kərimidir.
Tehsil-press.az