Təhsildəki dəyişikliklərin kökündə STEM fəlsəfəsi durur

Təhsildəki dəyişikliklərin kökündə STEM fəlsəfəsi durur “Yeni təhsil proqramımız müəyyən mənada STEM elementləri üzərində qurulub”
Məlumdur ki, müasir dövrün mühüm hədəflərindən biri ölkənin rəqabət qabiliyyətini gücləndirən, cəmiyyəti inkişaf etdirən yüksək intellektli, innovativ təfəkkürə malik, bacarıqlı mütəxəssislər yetişdirilməsidir. Dünya İqtisadi Forumun məlumatlarına əsasən, hazırda inkişaf edən ölkələrə XXI əsrin bacarıqlarına sahib insanlar lazımdır. Bu bacarıqlar kreativlik, tənqidi düşüncə, kommunikasiya, kolloborasiyadır. İqtisadiyyatlara onun rəqabətə davamlılığının gücləndirilməsi üçün müasir düşüncəli, keyfiyyətli mütəxəssislər tələb olunur. Ölkəmizin təhsil sistemində uğurla tətbiq olunan məhz STEM layihəsi bu çağırışlara cavab verir.
Yaxın illərdə dünyada 9 milyon STEM təhsilli mütəxəssisə ehtiyac yaranacağını nəzərə alsaq, bu metod əsaslı təhsil müəssisələrinin sayının durmadan artması təsadüfi deyil. Buna görə də STEM yanaşmanın tətbiqi ilə bağlı daha geniş məlumat almaq üçün “STEM Azərbaycanda” layihəsinin rəhbəri Aliyə Əhmədova ilə söhbətləşməyə qərar verdik.
Tanıtım: Aliyə Əhmədova Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimidir. Təhsildə inkişaf və innovasiyalar üzrə I və II qrant müsabiqələrinin qalibi olan “STEM Azərbaycanda” layihəsinin rəhbəridir. 2018-ci ildə Təhsil naziri Ceyhun Bayramovun əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. 2019-cu ildən “European STEM Professional Development Centre” tərəfindən Azərbaycan üzrə STEM PD səfiri təyin edilib.
- Öncə STEM-in fəlsəfəsi barədə danışaq. Bu metodun ölkəmizin təhsil sistemində tətbiqini zəruri edən amillər barədə fikrinizi bilmək istərdik. STEM yanaşmasının ənənəvi təlim metodlarından fərqi nədir?
- Son dövrlərdə dünyanın inkişaf etmiş və etməkdə olan ölkələrinin təhsil sistemlərinin STEM metoduna inteqrasiyası cəhdlərinin geniş vüsət almasını müşahidə etməkdəyik. Eyni zamanda, təhsilin transformasiyası istiqamətində təşkil edilən bir çox beynəlxalq konfranslar, seminar və təlimlər özündə STEM məzmununu ehtiva edir. Bu fəaliyyətlərin əksəriyyəti artıq maarifləndirici deyil, məhz birbaşa tətbiq məqsədi daşımaqdadır. Təhsil sistemlərindəki dəyişiklik cəhdlərinin kökündə elə STEM metodunun fəlsəfəsi dayanır. Məlumdur ki, 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peyki “Sputnik-1” orbitə buraxılmışdır və həmin tarix bəşəriyyətin kosmik erasının başlanğıcı sayılır. Məhz bundan sonra böyük ölkələrdə fizika-riyaziyyat, kimya-biologiya və s. xüsusi təmayülləşmiş təhsil müəssisələrinin açılması müşahidə olunur. Çünki ölkələrin inkişaf göstəricilərindən ən mühümü məhz elmi-texniki tərəqqisidir. Çin, ABŞ, Rusiya, Koreya və s. ölkələrin iqtisadi rəqabəti dövründə 2002-ci ildə Elon Mask tərəfindən SpaceX şirkətinin qurulması STEM kimi adlandırılan təlim metodunu gündəmə gətirdi.
Falcon Heavy raketinin fəzaya buraxılması ilə STEM metodunun müxtəlif ölkələrin təhsil sisteminə tətbiqinin intensivləşdiyini deyə bilərəm. 4-cü sənaye inqilabı ərəfəsində böyük mənzərədən baxsaq, STEM metodunun fəlsəfəsində ölkələrin elmi-texniki tərəqqi, iqtisadi inkişaf, insan kapitalının formalaşdırılması istəklərinin durduğunu görərik. Eyni istəkləri əsas tutaraq, STEM metodunun ölkəmizin təhsil sistemində tətbiqini zəruri və qaçılmaz hesab edirəm. Təhsildə STEM yanaşmasının ənənəvi metodlardan fərqi təhsilalanlarda çoxşaxəli 21-ci əsr bacarıqlarının formalaşdırılmasıdır.
Qısaca əlavə edə bilərəm ki, bu sistemdə fənlər ayrılıqda deyil, inteqrasiyalı şəkildə tədris olunur. Bu isə təhsilalanda ətraf aləm haqqında vahid təsəvvür yaratmağa xidmət edir. Təhsilalanlar təklif etdiyi problemli vəziyyətin həlli üçün layihə ideyası verir və STEM müəllimləri ilə birgə, müəyyən müddəti əhatə edən layihənin icra planı qurulur. Son nəticədə, ən müxtəlif formalarda layihə məhsulu əldə edilmiş olur.
- Bu vaxta qədər STEM-in tətbiqi ilə bağlı hansı işlər görülüb və nəticələri necə qiymətləndirirsiniz?
- Təhsil Nazirliyinin məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, “Rəqəmsal bacarıqlar” və “Alqoritmika” dərslərinin keçirilməsi, müəllimlərin “Robotiks” və İKT təlimlərinə cəlb edilməsi, ölkənin müxtəlif regionlarından olan 50 müəllimin İsraildə təlimlərdə iştirak etməsi və s. bu istiqamətdə görülən əməli işlərdir. Təhsildə inkişaf və innovasiyalar müsabiqəsində STEM məzmunlu layihələrə qrantların ayrılması da müəllimlərin bu istiqamətdəki fəaliyyətinin dəstəkləndiyini göstərir. Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Sabahın alimləri”, “First LEGO League” və s. müsabiqələr də yuxarı siniflərdə STEM layihələrinin tətbiqinin mümkünlüyünü göstərir. Düşünürəm ki, nəticələr haqqında danışmaq bir qədər tezdir. Ciddi nəticələrin əldə edilməsini istəyiriksə, STEM məzmunlu dərslərin keçirilməsi, layihələrin işlənməsi vacibdir. Bu isə, STEM düşüncə və bacarıqlarını özündə formalaşdıra bilmiş STEM müəllimləri yetişdirmək, STEM sinif otaqları təmin etməyi tələb edən prosesdir.
- Bütün məktəblərdə STEM sinifləri açmaq olarmı?
- Müxtəlif ölkələrin STEM yönümlü işlərinə baxsaq, görərik ki, STEM sinif və ya mərkəzləri ya qabaqcıl tədris metodikaları olan məktəblərdə qurulur, ya da ayrıca STEM məktəbləri yaradılır. Yaxın gələcək üçün Bakı və müəyyən bölgələrin qabaqcıl məktəblərində STEM sinif və ya mərkəzlərinin qurulması real ola bilər. Düşünmürəm ki, hazırda hər məktəbdə STEM sinifləri qurmağa ehtiyac var. STEM siniflərinin şagirdləri yüksək riyazi düşüncəsi və yaradıcı qabiliyyəti olan şagirdlər olmalıdır ki, effektli nəticələr əldə edilsin. Məktəblərdə belə şagirdlər varsa, yaxın məktəblərin STEM sinif və ya mərkəzlərinə cəlb edilə bilər. Ümumilikdə isə müəllimlər dərs prosesi zamanı STEM metodunun elementlərindən yararlana, şagirdləri ilə STEM məzmunlu fəaliyyətlər icra edə bilərlər.
- STEM-i tam dərk edən, onun fəlsəfəsini başa düşən və uğurla tətbiq edən müəllimlərimiz varmı? Onların hazırlığı barədə nə deyə bilərsiniz?
- Bu sualınızı cavablandırmaq üçün rəhbəri olduğum “STEM Azərbaycanda” layihəsinin üzvü olan müəllimlər barədə danışa bilərəm. 2017-ci ildə layihə çərçivəsində respublikanın 100-ə yaxın müəllimini STEM onlayn kursuna cəlb edə bilmişik. Bu müəllimlərin STEM yönümlü fəaliyyətini stimullaşdırmaq üçün “STEM müəllimi” müsabiqəsini həyata keçirdik. STEM onlayn kursunu yekunlaşdıra bilmiş müəllimlərin əməkdaşlığına nail olmaq, təcrübələrini bir-biri ilə bölüşməsi üçün “STEM Azərbaycanda 2018” Müəllim Konfransını təşkil etdik. Hazırda layihənin saytı və sosial səhifəsi vasitəsi ilə elan etdiyimiz STEM fəaliyyətlərinə aktiv qoşulan bəlli müəllimlərimiz var. STEM-i dərs prosesinə uğurla tətbiq etmək tək müəllimin istəyindən asılı deyil. Müəllimin çalışdığı məktəbin maddi-texniki təminatı, məktəb rəhbərliyinin fəal müəllimlərə şərait yaratması və yeni təhsil proqramlarının STEM məzmunu ilə uyğunlaşdırılması vacib faktorlardır.
- “STEM Azərbaycanda” layihəsinin ölkəmizdə uğurlu tətbiqinə nail olmaq üçün beynəlxalq təcrübədən istifadə olundumu?
- Aydındır ki, STEM beynəlxalq təcrübələrə istinad olunan metoddur. Layihəmiz çərçivəsində reallaşdırılmış STEM onlayn kursunun məzmunu qismən “Scientix” təhsil şəbəkəsinin STEM kursuna uyğunlaşdırılmışdır. Layihəyə üzv olan müəllimlərin bir qismini 2018 və 2019-cu illərdə həyata keçirilmiş STEM Discowery Week tədbirlərinə cəlb etdik. Beynəlxalq təcrübələrdən yararlanmaq məqsədi ilə 13-14 iyun 2019-cu il tarixində 13 nəfər müəllimlə birgə İstanbul şəhərində təşkil edilmiş “İnternaitonal STEM Education Conferance”da iştirakımızı xüsusi qeyd etmək istərdim. Konfransın müxtəlif bölmə iclaslarında mən, Sona Hacılı və Fəridə Abbasovanın təqdimatları oldu. Sevinc Həsənovaya və mənə konfransın müəyyən bölmə iclaslarına həmsədrlik etmək də həvalə edilmişdi. Konfransın ilk günündə müxtəlif təhsil şirkətlərinin, layihələrin, məktəblərin təmsil olunduğu “STEM Show Time” sərgisində “STEM Azərbaycanda” layihəsi uğurla iştirak etmişdir. Layihənin stendi xüsusi maraqla qarşılanmış, maraq kəsb edən suallar sərgi stendinə cavabdeh olan Yeganə Ramazanlı, Sevinc Nəzərova və Fəridə Abbasova tərəfindən ətraflı cavablandırılmışdır. Konfrans çərçivəsində keçirilən mükafatlandırma mərasimində “STEM Azərbaycanda” layihəsi “Best of STEM Education: Social Impact” mükafatına layiq görülmüşdür. Qeyd edim ki, konfrans European STEM Professional Development Centre, STEM Aliance şəbəkəsi, İCSE, Türkiyə Milli Təhsil Nazirliyi, Hacettepe Universitetinin təşkilatçılığı, Avropanın 23 ölkəsindən 500-ə yaxın təhsil işçisinin iştirakı ilə reallaşdırılmışdır. Layihə üzvlərinin konfransda fəal iştirakının nəticəsidir ki, European STEM Professional Development Centre təşkilat komitəsinin rəyi əsasında layihə rəhbəri olaraq mən və fəal üzvümüz Fəridə Abbasova Azərbaycan üzrə STEM PD səfiri təyin edildi. Əminəm ki, layihə olaraq davamlı şəkildə beynəlxalq təcrübələrdən istifadə edəcək və öz təcrübəmizi də mütəmadi olaraq beynəlxalq müstəvidə paylaşacağıq.
- STEM-in bir innovativ layihə kimi özünün tədqiq olunmasına necə baxırsınız?
- Düşünürəm ki, STEM-i təhsil sistemimizə inteqrasiya etmək, STEM məzmunlu dərslər keçən müəllimləri yetişdirmək və STEM sinifləri qurmaq istəyiriksə, STEM yeniliklərini tədqiq edən, sınaqdan keçirən, öz əlavələrini edə bilən mütəxəssislərdən ibarət bir mərkəz də gecikmədən açılmalıdır.
- STEM təhsilimizdə hansı problemləri həll etməyə imkan verir? Onun əhatə dairəsinin genişləndirilməsi məsələsinə necə baxırsınız?
- Məktəblərimizdə STEM mexanizminin işləməsi üçün məktəbəqədər və ibtidai siniflərin, eyni zamanda, təbiət və texniki fənlərin təhsil proqramını müəyyən qədər araşdırmışam. Aydın olur ki, yeni təhsil proqramımız müəyyən mənada STEM elementləri üzərində qurulub, yenilənib. Lakin, ehtiyatla qeyd etmək istəyirəm ki, müəyyən qism müəllim və valideynlərimiz təhsil barədə düşüncələrini yeniləmək istəmirlər. Hələ də əzbərçiliyi, sürətli test həll etməyi bacarıq kimi qəbul edənlər var. Müasir dövr sərbəst həyata atılan gəncdən test həll etmək bacarığını yox, problem həll edə bilmək, öz alternativ həll yollarını təklif edə bilmək bacarığını tələb edir. STEM yönümlü təlim prosesi keçən təhsilalan öz bacarıq və istəklərini vaxtında aşkarlaya biləcək. Bu isə gələcək peşə və ixtisas seçiminə düzgün yönlənmədə çox vacibdir. Düşünürəm ki, STEM-in əhatə dairəsinin genişlənməsi təbiət və texniki fənn müəllimlərinin, gələcək STEM müəllimlərinin işbirliyinə, əməkdaşlığına nail olmaqdan birbaşa asılıdır. Çünki STEM yönümlü layihələrin işlənməsi, effektli nəticələrin əldə olunması üçün məktəbdə tək bir STEM düşüncəli, bacarıqlı müəllimin olması yetərli deyil. Bunun üçün məktəblərdə təbiət və texniki fənn müəllimlərindən ibarət “STEM müəllimləri komplekti”ni formalaşdırmağa çalışmaq lazımdır. Belə müəllimlər gələcəkdə öz təcrübələrini, metodlarını həmkarları ilə bölüşə, mentorluq edə, yəni, STEM-in əhatə dairəsinin genişlənməsinə xidmət edə bilərlər. Xarici ölkələrdə şagirdlərin STEM layihələrinin tam məzmunlu icrasında proqramlaşdırma üzrə mütəxəssislər, mühəndislər, regionun yerli istehsalat müəssisələri də aktiv iştirak edir. Ümumiyyətlə, çalışmaq lazımdır ki, məktəblər cəmiyyətə açıq olsun, müxtəlif innovasiyalar ehtiva edən müəssisələrə planlı ekskursiyalar, mütəxəssislərin məktəblərlə sıx əməkdaşlıq etməsi də STEM-in əhatə dairəsinin genişlənməsində mühüm məqamlardır.
- STEM müəllimlərindən hansı keyfiyyətlər tələb olunur?
- Təhsilalanlarda formalaşdırmaq istədiyimiz çoxşaxəli 21-ci əsr bacarıqları əvvəlcə elə STEM müəllimində olmalıdır. Ümumiyyətlə, müasir müəllim, o cümlədən, STEM müəllimi yeniliklərə cəld və müsbət cavab verərək tez uyğunlaşan, özünə inamlı, ünsiyyətcil və komanda ilə işləməyi bacaran, öz işinə məsuliyyətli, yaradıcı və təşkilatçı, daim araşdıran və fasiləsiz təhsilalan şəxsdir. STEM müəllimi öz şagirdlərini necə istiqamətləndirmək lazım olduğunu düzgün təyin edən mentordur. Belə müəllimlər şagirdləri yalnız inkişafa həvəsləndirir, istiqamət verir və uğura doğru aparır.
- Növbəti tədris ilində məktəblərimizdə STEM yanaşma əsasında yeni məzmunun tətbiqi nəzərdə tutulur. Bu barədə nə deyə bilərsiniz?
- Qeyd etdiyim kimi, müasir dövrün tələbləri təhsil proqramlarının, metodlarının daim inkişaf etməsini, təhsilverən və təhsilalanların müasir çağırışlara cəld cavab verməsini tələb edir. STEM yanaşma əsasında məktəblərimizdə yeni məzmunun tətbiqinin real olmasını, işlək mexanizmlə nəticələr verməsini istəyiriksə, mütəxəssislər tərəfindən STEM məzmunlu təhsil proqramları tərtib olunmalı, vəsaitlər hazırlanmalı, STEM müəllimləri yetişdirilməli, STEM tələblərinə cavab verən təminatlı sinif otaqları qurulmalı, müasir düşüncəli məktəb idarəediciləri olmalıdır. Biz, fəal müəllimlər isə, öz növbəmizdə STEM elementlərinin dərs prosesində tətbiqinə, maddi-texniki təminata uyğun STEM layihələrin işlənməsinə, mütəmadi olaraq peşəkar inkişafa nail olmalıyıq. Ölkənin ümumtəhsil məktəblərində təhsilverənin nüfuzunun yüksəldilməsi yollarından biri kimi, STEM metodunun da effektli olacağını düşünürəm. Bu baxımdan, rəhbəri olduğum “STEM Azərbaycanda” layihəsinin fəal müəllimləri olaraq təhsilimizin inkişafı istiqamətində töhfələrimizi verməyə, ləyaqətlə xidmət etməyə davam edəcəyik.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər