Azərbaycan Dillər Universiteti məhkəməyə müraciətlə bağlı məlumat yayıb

Azərbaycan Dillər Universiteti məhkəməyə müraciətlə bağlı məlumat yayıb Azərbaycan Dillər Universitetinin mətbuat xidməti “Xural.com” saytının baş redaktoru Əvəz Zeynallı, Filologiya və jurnalistika fakültəsinin sabiq dekanı Vüsalə Ağabəyli, sabiq əməkdaş Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın məhkəməyə verilməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, adı çəkilən şəxslər ötən aylar ərzində dəfələrlə universitet rəhbərliyinə və kollektiv üzvlərinə müxtəlif mətbuat orqanlarında əsassız, böhtan xarakterli fikirlər səsləndirib, bununla da ali təhsil ocağının işgüzar nüfuzuna ziyan vurublar.
Xəbərdarlıq olaraq Azərbaycan Dillər Universitetinin Elmi Şurası qərar çıxarıb ki, ali məktəb kollektivinin ayrı-ayrı üzvlərinin ictimai nüfuzuna, eləcə də universitetin işgüzar nüfuzuna xələl gətirən məlumatlar dayandırılmayacağı təqdirdə məhkəməyə müraciət ediləcək. ADU-nun kollektivi yekdil rəylə məhkəməyə müraciət hüququndan istifadə etməyi qərara alıb və adı çəkilən şəxslərlə bağlı iddia qaldırıb.
“Təəssüf ki, qarşı tərəf yenə qərəz nümayiş etdirərək, universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya növbəti dəfə böhtan atır, iddiadan irəli gələn pul təzminatını doğru istiqamətdə şərh etməyərək ictimai rəyi çaşdırmağa çalışırlar. Məsələ pul təzminatında yox, ADU-nun öz işgüzar nüfuzunu qorumasındadır. Qarşı tərəf üzr istəməli, indiyədək irəli sürdüyü böhtanlara görə təkzib verməlidir. Əgər məhkəmə pul təzminatının ödənilməsi barədə də qərar qəbul edərsə, həmin vəsait universitetin Sosial fonduna köçürüləcək, imkansız tələbələrin təhsil haqlarının ödənilməsinə, qaçqın və köçkün ailələrindən olan tələbələrə müxtəlif maddi yardımların göstərilməsinə, eləcə də tələbələr üçün nəzərdə tutulan sosial layihələrə sərf olunacaq” – deyə, açıqlamada qeyd olunur.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər