İlahiyyat İnstitutunun tələbələri sərgidə

İlahiyyat İnstitutunun tələbələri sərgidə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 1-ci kurs tələbələri “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçirilən “Danışır Bakı: 1900-1940-cı illər” sərgisini ziyarət ediblər.
Tələbələr sərgidə XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Milli Kitabxanası, Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan rəngkarlıq və qrafika əsərləri, afişa və nəşrlər, eləcə də Milli Arxiv İdarəsində qorunan arxiv sənədləri və əlyazmalarla tanış olublar.
Sərgi rəssamlar İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Adil Qazıyev, Ələkbər Rzaquliyev, Oqtay Sadıqzadə, Salam Salamzadə, Sadıq Şərifzadə, Tağı Tağıyev, Qəzənfər Xalıqov, Kamil Xanlarov, şair və yazıçılardan Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn Sadıq, Umgülsüm Sadıqzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq və Səməd Mənsurun əsərlərində mürəkkəb, dəyişkən, lakin çox parlaq bir dövrdən bəhs edir.
Gənclərimiz daha sonra “Danışır Bakı: 1900-1940-cı illər” sərgisini müşayiət edən, “YARAT” Müasir İncəsənət Məkanına “Goethe Zentrum” (Azərbaycan) tərəfindən hədiyyə edilən, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin qarşısında quraşdırılan rəssam Marko Montiel-Sotonun (Berlin, Almaniya) “Villa Petrolia” instalyasiyası ilə tanış olublar. Bu instalyasiya neft bumu dövrünə (XIX əsrin sonu – XX əsrin əvvəlləri) aid qüllədən ibarətdir və içərisində Bakının müasir neft həqiqətlərinə ehtiram olaraq, rəssam tərəfindən toplanan posterlər və video nümayiş olunur.
Xatırladaq ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.


Aİİ-nin Mətbuat Xidməti



Oxşar xəbərlər