İlahiyyat İnstitutunun tələbələri Bursa Müftiliyində olublar

İlahiyyat İnstitutunun tələbələri Bursa Müftiliyində olublar Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri yay məktəbi çərçivəsində Türkiyə Respublikası Dini İşlər İdarəsinin Bursa Müftiliyini, Mehrablı məscidini ziyarət ediblər, Uludağda ekskursiyada olublar.
Bursa Müftiliyini ziyarət zamanı tələbələrə Dini İşlər İdarəsi, onun yerlərdəki şöbələri haqqında geniş məlumat verilib. Qurumun yaranma tarixi, vəzifələri və məqsədləri barədə söhbət açılıb. Tələbələr Bursa Müftiliyinin kitabxanası ilə yaxından tanış olublar.
Mehrablı məscidini ziyarət edərkən ibadət evinin 2005-ci ildən istifadəyə verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, burada, həmçinin “Qurani-Kərim” dərsləri tədris olunur.
Yay məktəbinin sonuncu günü tələbələr Uludağa ekskursiya edib, Bursanın görüntüsünü izləyiblər.
Xatırladaq ki, Türkiyənin Bursa şəhərində təşkil olunan yay məktəbində Azərbaycan İlahiyyat İnstitutu ilə yanaşı, Qazaxıstan və Qırğızıstan universitetlərinin İlahiyyat fakültələrinin tələbələri də iştirak edirlər. Yay məktəbində gənclərə müxtəlif dərslərin keçirilməsi ilə bərabər, ilahiyyatçı alimlərin mühazirə və seminarları təşkil olunub, Bursanın tarixi yerlərinə ekskursiyalar baş tutub.
Azərbaycan İlahiyyat İnstitutu müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş ali təhsil müəssisəsidir. Aİİ tələbələrin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər