Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris İnnovasiya Mərkəzinin 2019-cu il üzrə hesabatı dinlənilib.
Hesabatı təqdim edən mərkəzin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova bir il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib. Qeyd edilib ki, bu il informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması, səmərəli metodların işlənməsi istiqamətləri üzrə tədqiqatlar aparılıb.
R.Mahmudova cari ildə jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi ilə bağlı tədqiqatlar aparıldığını diqqətə çatdırıb. Bildirib ki, qeyd olunan istiqamətlər üzrə əlin xarici əlamətlərinin təhlili əsasında jestlərin tanınması metodlarının analizi, eləcə də İKT əsasında qeyri-verbal texnologiyalar və cəmiyyətin inklüziv inkişafı ilə bağlı araşdırmalar aparılıb.
Məruzəçinin sözlərinə görə, xarici ölkələrdə intellektual oyunların informatika fənninin tədrisinə inteqrasiyası üçün metodika işlənilib, tədrisin keyfiyyətinin qiymətləndirilməsi üçün meyarlar hazırlanıb və əldə edilmiş nəticələr bəzi məktəblərdə eksperimentlər əsasında yoxlanılıb.
R.Mahmudova mərkəzin elmi-pedaqoji fəaliyyəti, beynəlxalq və respublika səviyyəli jurnallarda məqalə dərci, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. işlər haqqında məlumat verib. O, cari ildə “Tədqiqatçıların informatika üzrə hazırlığı. Statistik icmal” adlı kitabın, eləcə də “İnformatika. 1111 test”, “İnformatika. Praktiki vəsait” adlı dərs vəsaitlərinin çap olunduğunu bildirib.
Sonda hesabata dair fikir mübadiləsi aparılıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini səsləndirib, mərkəzin elmi və elmi-innovasiya fəaliyyətinin daha da gücləndirilməsi üçün tapşırıqlar verib.

Tehsil-press.az

Oxşar xəbərlər