BANM-in məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil ediblər

BANM-in məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil ediblər Bakı Ali Neft Məktəbinin (BANM) iki məzunu Azərbaycanı “Üç dəqiqəlik tezis” (“3MT” – “Three Minute Thesis”) adlı qlobal yarışmada uğurla təmsil edib.
Ali məktəbin kimya mühəndisliyi ixtisası üzrə məzunu Rauf Mahmudzadə və neft-qaz mühəndisliyi ixtisası üzrə məzunu Asiman Seyidzadə hazırda Luiziyana Dövlət Universitetində (Lafayet) magistratura pilləsində təhsil alırlar. Hər iki məzun yarışmanın universitet üzrə keçirilmiş ilkin mərhələsində qalib olaraq final mərhələsinə vəsiqə qazanıb.
Yarışmanın əsas məqsədi tələbələrin tədqiqat və akademik kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi, eləcə də qısa zaman ərzində onların effektli təqdimat vərdişlərinin formalaşdırılmasıdır. Yarışmanın qaydalarına əsasən, iştirakçılar 180 saniyə ərzində hazırladıqları elmi işi o sahəyə aid olmayan auditoriya qarşısında lakonik formada təqdim etməlidirlər.
Hər il “Üç dəqiqəlik tezis” beynəlxalq yarışı dünyanın 200-dən artıq universitetində magistratura və doktorantura tələbələri üçün keçirilir. İlk dəfə 2008-ci ildə Avstraliyada keçirilmiş yarışma sonradan digər ölkələri də əhatə edib. Builki yarışma zamanı Luiziyana Universitetindən (Lafayet) cəmi 7 nəfər finalçı adını qazanıb. Yarışın universitet üzrə final mərhələsi 2020-ci ilin yanvar ayında keçiriləcək. Qalib ABŞ üzrə seçim turuna qatılmaq hüququ qazanacaq, daha sonra yarışın beynəlxalq mərhələsində iştirak edəcək.
Xatırladaq ki, ötənilki yarışmada BANM-in neft-qaz mühəndisliyi ixtisası üzrə məzunu Camal Əhmədov “People Choice Award”a layiq görülmüşdü.

Tehsil-press.az

Oxşar xəbərlər