UNEC-in tələbələri beynəlxalq yarışmanın final mərhələsinə vəsiqə qazanıblar

UNEC-in tələbələri beynəlxalq yarışmanın final mərhələsinə vəsiqə qazanıblar UNEC-in tələbələri hər il təşkil edilən “The CFA Institute Research Challenge” beynəlxalq yarışmasının Rusiyanın paytaxtı Moskvada keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. UNEC komandasını Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə IV kurs tələbələri Ruslan Axundzadə, Toğrul Həsənov və “SABAH” qruplarının maliyyə ixtisası üzrə IV kurs tələbələri Mirşahin Ağayev və İlkin Sultanov təmsil ediblər.
Builki yarışmada Rusiya, Azərbaycan və Belarusun 31 komandası mübarizə aparıb. İştirakçılar “Norilsk Nickel” şirkətinin maliyyə durumunu, fəaliyyət göstərdiyi bazarı və ölkə iqtisadiyyatını analiz ediblər, şirkətin qiymətləndirilməsini apararaq hesabat hazırlayıblar. Hesabatları uğurlu olan 6 komanda Moskvada keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.
Yarışmanın şərtlərinə uyğun olaraq, Moskvada çıxış edən 6 komandadan 2-si Sürixdə keçiriləcək regional finalda, regional finalda uğurla çıxış edən komandalar isə Amerika Birləşmiş Ştatlarında keçiriləcək qlobal finalda iştirak etmək şansı əldə edəcək. Yarışda UNEC komandasına fakültə üzrə Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov, ixtisas üzrə isə “Pasha İnvestments” şirkətinin investisiyalar üzrə baş analitiki Elnur Bədəlov rəhbərlik ediblər.
Qeyd edək ki, UNEC Azərbaycandan regional finala vəsiqə qazanan yeganə komandadır.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər