GDU-DA YENİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASININ 27-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

GDU-DA YENİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASININ 27-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB Gəncə Dövlət Universitetində(GDU) Yeni Azərbaycan Partiyasının(YAP) yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbir iştirakçılarını YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə təbrik edib, onlara həyatda və fəaliyyətlərində böyük uğurlar arzulayıb. Prorektor bildirib ki, noyabrın 21-i xalqımızın həyatında böyük tarixi və ictimai-siyasi əhəmiyyət kəsb edən əlamətdar bir gündür. YAP-ın yaranması tarixi zərurət idi. Azərbaycanın ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərinin əvvəllərində düşdüyü mürəkkəb, böhranlı və faciəli vəziyyətə dözə bilməyən 91 nəfər vətənpərvər ziyalı 1992-ci il oktyabr ayının 16-da “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə müraciət edərək ölkəmizi bu böhranlı vəziyyətdən çıxarmağı xahiş edirlər. Ulu öndər Heydər Əliyev bu müraciətə 1992-ci il oktyabrın 23-də cavab verir. Qüdrətli siyasi xadim Heydər Əliyevin bu cavabı, əslində, proqram xarakterli bir sənəd idi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində 550-yə yaxın nümayəndənin iştirakı ilə YAP-ın təsis konfransı keçirilir. Ulu Öndər yekdilliklə təşkilata sədr seçilir.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanı parçalanmaq, separatçılıq, vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas edir. Ölkədə möhkəm daxili ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin edir. 1995-ci ildə YAP-ın Qadınlar Şurasının yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına göstərdiyi xüsusi diqqət və qayğının, onun fəaliyyətinə verdiyi yüksək qiymətin əyani təcəssümüdür.
Prorektor Gülsüm Fətəliyeva çıxışında diqqətə çatdırıb ki, müdrik siyasi xadim, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyev ölkəmizin müasir dünyamızın yeni çağırışlarına uyğun şəkildə inkişaf etməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir. Dövlət başçımızın sədaqətli məsləkdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva respublikamızın hərtərəfli inkişafına və dövlətimizin daha da qüdrətlənməsinə böyük töhfələr verir. Bu gün ölkəmizin möhtəşəm uğurlar qazanmasında YAP-ın böyük xidmətləri var.
YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova və digər məruzəçilər bu əlamətdar gün münasibətilə bütün əməkdaşları təbrik edib, onlara xoş arzularını çatdırıblar. Bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaradılması 1990-cı illərin əvvəlindəki gərgin ictimai-siyasi şəraitdən qaynaqlanır. Həmin dövrdə baş verən məlum hadisələr ölkəni dərin böhranlı vəziyyətə gətirib çıxarmışdı. O zamankı hakimiyyətin yarıtmaz fəaliyyəti ölkədəki vəziyyəti daha da gərginləşdirirdi. Həmin dövrdə bütün diqqət ulu öndər Heydər Əliyevə yönəlmişdi. Sevindirici haldır ki, tarix Ümummilli liderə və onun yaratdığı partiyaya etimadı təsdiq etdi. Qısa zamanda ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının yüksəlməsi istiqamətində mühüm addımlar atıldı.
Bu gün öz sıralarında 740 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyası güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza, monolit birliyə malik siyasi qüvvədir. Heydər Əliyev ideyalarının layiqli davamçısı olan Prezident İlham Əliyev hazırda partiyaya uğurla rəhbərlik edir.
Bildirilib ki, YAP sarsılmaz siyasi təşkilatdır, cəmiyyətimizin aparıcı qüvvəsidir. YAP-ın sıralarında cəmiyyətimizin bütün təbəqələrinin nümayəndələri təmsil olunurlar. GDU-nun tələbə-gəncləri böyük həvəslə, ürəklərinin hökmü ilə YAP-a üzv olurlar. Çünki onlar öz xoşbəxt gələcəklərini məhz bu partiyanın fəaliyyətində görürlər.

GDU-nun Mətbuat Xidməti


GDU-DA YENİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASININ 27-Cİ İLDÖNÜMÜ QEYD OLUNUBGDU-DA YENİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASININ 27-Cİ İLDÖNÜMÜ QEYD OLUNUBGDU-DA YENİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASININ 27-Cİ İLDÖNÜMÜ QEYD OLUNUBGDU-DA YENİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASININ 27-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

Oxşar xəbərlər