“Pandemiya təhlükəli faktdır və ciddi mübarizə aparmalıyıq”

“Pandemiya təhlükəli faktdır və ciddi mübarizə aparmalıyıq” "Azərbaycan müəllimi" qəzetinə verdiyi müsahibədə AMEA Genetik Ehtiyatlar İnstitutunun insan genetikası laboratoriyasının müdiri, fəlsəfə doktoru Allahverdi Şahverənov dünyada tüğyan edən COVID -19 pandemiyası barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, A.Şahverənov 2013-2016-cı illərdə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çin Xalq Respublikasının Huazhong Universitetində onkologiya ixtisası üzrə doktorant təhsili alıb. 2016-cı ildə ölkəyə qayıdaraq Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda insan genetikası laboratoriyasına rəhbərlik edib. 2016-cı ildə dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 2017-2018-ci illərdə Çinin Şencen Cənubi Elm və Texnologiya Universitetində postdoktorantura təhsili alan A. Şahverənov 2019-cu ildə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
-Siz Çində təhsil alıb, tədqiqatlar aparmısınız. Koronavirusun mənşəyi və ya Çindən başlaması barədə nə deyə bilərsiniz?
- Hazırda Çin daxil olmaqla, bütün dünya ölkələri yeni koronavirusun (SARS-CoV-2) insanlarda yaratdığı infeksiyanın ilk dəfə Çindən başladığını qəbul etmişdir. Ancaq virusun dəqiq mənşəyinin ilk dəfə Çindən başladığını dəqiq deyə bilmərik. Bu mövzu üzərində fərqli elmi baxışlar vardır. Zamanla tədqiqatların nəticələrini izləyərək dəqiq cavabları öyrənə bilərik.
- Hələ 2000-ci illərin əvvəllərində "Nature" və "Science" jurnallarında bu virus barədə məlumatlar verilib. Bu müddət ərzində virusun hansısa şəkildə qapalı formada aramızda yaşadığını demək olarmı?
- Virus yarasalarda və panqolinlərdə mövcud olub. Ətindən istifadə edilən və ya edilməyən heyvanlarda çoxsaylı viruslar var ki, gələcəkdə də bu cür pandemiyaya səbəb ola bilər, deyə düşünürəm.
- Son 10 illikdə müxtəlif infeksion və digər xəstəliklər artıb. Bu xəstəliklərin törədicilərindən biri kimi COVID-19-un olması nə dərəcədə ağlabatandır?
- SARS-CoV-2 virusu yenidir və bu yeni koronavirusun yaratdığı pandemiya çox ciddi vəziyyətdir; digər xəstəliklərlə müqayisə edilməsinin tərəfdarı deyiləm. Hazırda pandemiya təhlükəli faktdır və ciddi nübarizə aparmalıyıq.
-Virusun mutasiyasından tez-tez bəhs olunur...
- SARS-CoV-2 virusunun da fərqli mutasiyalarda qarşımıza çıxacağını düşünürəm…
- Bir çox ölkələr artıq bu və ya digər şəkildə vaksin hazırladıqlarına dair məlumatlar yayırlar. Alimlər nə dərəcədə yaxındır dərman hazırlığına?
- Hazırlana bilər. Ancaq hazırda nə spesifik dərmanı, nə də vaksini mövcuddur. Hər zaman bildirdiyim kimi, bütün dünyada fundamental və kliniki tədqiqatlara elmin digər sahələrinə (hərbi, kosmik tədqiqatlar, ağır sənaye və s.) nisbətən nə qədər ki, az pul ayrılacaq, o qədər bütün dünya gələcəkdə fərqli infeksion və qeyri-infeksion xəstəliklərdən daha çox əziyyət çəkəcək.
-Nə vaxt deyə bilərik ki, pandemiya üzərində tam qalib gəlmək mümkün oldu?
- Dəqiq cavabı bu gün vermək çox çətindir. Təəssüf ki, 2020-ci ildə mövcud elmin çox az maddi təminatla təmin olduğu virusologiya qarşısında bütün dünyanın effektiv mübarizədə aciz qaldığına bir daha şahidlik etdik.
- Bu pandemiya bütün ölkələr üçün ağır sınaq oldu. Dünya koronavirusdan hansı başlıca dərslər çıxarmalıdır?
- Bütün dünyada fundamental və klinik elmi tədqiqatlara milyonlar və milyardlar yox, trilyonlarla maddi vəsait ayırmağın vacib olduğunu nəzəri və əməli olaraq qəbul etmək pandemiya bitdikdən sonra çıxarılacaq ən effektiv dərs olacaq. Mən belə qiymətləndirərdim…

Tehsil-press.az


[/right]


Oxşar xəbərlər