ADNSU və UFAZ-da koronavirusla əlaqədar növbəti dezinfeksiya işləri aparılıb

ADNSU və UFAZ-da koronavirusla əlaqədar növbəti dezinfeksiya işləri aparılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) və ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) növbəti dəfə dezinfeksiya işləri aparılıb.
İlk olaraq UFAZ-ın bütün ərazisi - foyesi, dəhlizləri, auditoriyaları və otaqlar dezinfeksiya olunub. İyunun 8-də burada ilk dəfə olaraq UFAZ-a magistraturaya qəbul imtahanları keçiriləcək. İmtahanların ənənəvi qaydada təşkili üçün lazımi təhlükəsizlik qaydaları təmin olunub, sosial məsafənin gözlənilməsi üçün imkanlar yaradılıb, tələbələrin gigiyenik vasitələrlə təchizatı nəzərdə tutulub. Aparılan dezinfeksiya işləri və imtahan günü görüləcək tədbirlər UFAZ-ın magistratura pilləsinə qəbul imtahanlarının tam təhlükəsiz şəraitdə keçirilməsinə şərait yaradır.
ADNSU-da dezinfeksiya işləri zamanı mütəxəssislər universitetin hər iki korpusunun bütün ərazisində dərmanlama işləri aparıblar.
Qeyd edilib ki, çoxminli tələbə və müəllim kontingenti olan ADNSU-da, eləcə də UFAZ-da ölkədə qlobal koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə uyğun olaraq son 3 ay ərzində müxtəlif tədbirlər gerçəkləşdirilib. Belə ki, respublikada karantin rejimi qaydalarına uyğun olaraq ADNSU və UFAZ-da martın 3-dən etibarən ənənəvi tədris prosesi dayandırılıb və qısa müddət ərzində onlayn tədrisə keçirilib, işə çıxan əməkdaşların sayı minimuma endirilib və onların işə gəlməsi icaze.e-gov.az portalı üzərindən həyata keçirilib. Son üç ayda ADNSU və UFAZ-da mütəmadi olaraq bir neçə dəfə dezinfeksiya işləri aparılıb, tədris korpuslarının dəhlizlərində gigiyenik vasitələr yerləşdirilib, girişdə hər bir kəsin hərarətinin yoxlanılması həyata keçirilir, universitetə maskasız giriş qadağan olunub.

Tehsil-press.az

Oxşar xəbərlər