Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir

Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Bilik günü” ilə əlaqədar tədbir keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Yasamal rayonundan Milli Məclisə deputat seçilmiş Elşad Həsənov, Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə, AzMİU-nun məzunu, “Qartal” tikinti firmasının direktoru Şahin Məmmədov, universitetin professor-müəllim heyəti, birinci kurs tələbələri və onların valideynləri iştirak ediblər.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbiri açaraq professor-müəllim heyətini, birinci kurs tələbələrini və onların valideynlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rektor Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətini artırmaq üçün ölkəmizdə aparılan islahatlardan danışıb, bu sahədə əldə olunan uğurları xatırladıb.
Rektor builki qəbul prosesinə toxunaraq qeyd edib ki, 2019/2020-ci tədris ili üçün AzMİU-nun bakalavriat səviyyəsinə 25 ixtisas üzrə 1537 abituriyent qəbul olaraq tələbə adını qazanıb. Bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 143-ü subbakalavrdır. Sevindirici haldır ki, qəbul olan subbakalavrların əksəriyyəti AzMİU-nun nəzdindəki İnşaat Kollecinin məzunudur. Universitetə qəbul olan abituriyentlərin orta keçid balları da ilbəil yüksəlir, onların arasında 600-dən yuxarı bal yığanların sayı artıb. AzMİU-nun memarlıq və inşaat mühəndisliyi ixtisasları ilə yanaşı, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, informasiya texnologiyaları ixtisaslarına da qəbul olunanlar arasında yüksək bal toplayan abituriyentlər üstünlük təşkil edir. AzMİU-nun magistratura pilləsində də 23 ixtisas üzrə qəbul aparılıb. Qəbul göstəriciləri yüksək olan 202 bakalavr magistr adını qazanıb.
Digər çıxış edənlər də yeni tədris ilinin başlanması münasibətilə tələbələri təbrik edib, onlara təhsillərində uğurlar diləyiblər.
Sonra universitetin birinci kursuna qəbul olunan tələbələr çıxış ediblər. İnşaat fakültəsinin I kurs tələbəsi Səbinə Nəzərli, Memarlıq fakültəsinin I kurs tələbəsi Elbay Qasımzadə, I kurs tələbəsi, Türkiyə vətəndaşı Yasin Dəmirtaş, I kurs magistr tələbəsi Fidan Məmmədova onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.
Tədbirin sonunda universitetə yüksək balla qəbul olan gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim edilib.

AzMİU-nun Mətbuat Xidməti


Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir

Oxşar xəbərlər