Bakı Ali Neft Məktəbinin startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarına layiq görülüb

Bakı Ali Neft Məktəbinin startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarına layiq görülüb Bakı Ali Neft Məktəbinin (BANM) 2 startap layihəsi VI Çin Beynəlxalq “İnternet+ İnnovasiya və Sahibkarlıq” müsabiqəsində əsas mükafatlara layiq görülüb.
Beynəlxalq yarışda 3291 layihə arasından BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin “Biofactant” startap layihəsi gümüş, “Climasel” startap layihəsi isə bürünc mükafatı qazanıb.
2015-ci ildən Çin Təhsil Nazirliyinin ev sahibliyi ilə keçirilən müsabiqədə 124 ölkədən təxminən 4000 kollec və universitet təmsil olunur. Bu il seçilən 3291 beynəlxalq startap layihəsindən 37-si qızıl, 71-i gümüş və 287-si isə bürünc mükafata layiq görülüb.
Finalda yarışan Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzinin “Biofactant” startap layihəsində Kimya mühəndisliyi ixtisasının tələbələri Güllü Hüseynli, Afaq Həşimova və Natiq Babayev, “Climasel” layihəsində isə Kimya mühəndisliyi ixtisasının tələbələri Güllü Hüseynli, Kafyə Abzərova və Zaur İmaməliyev iştirak ediblər.
“Biofactant” layihəsinin əsas məqsədi işlənmiş bitki yağlarından sintez yolu ilə ekoloji təmiz səthi aktiv maddələrin alınmasıdır. “Climasel” layihəsi isə evlərdə, ofis və restoranlarda temperaturu stabil saxlamağa yönəlmiş materialın istehsalını nəzərdə tutur.
Qeyd edək ki, hər iki layihəyə BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Farad Kamyabi və mütəxəssisi Elmar Əsgərzadə rəhbərlik edib. Layihələrin elmi məsləhətçisi isə Kimya mühəndisliyi kafedrasının müdiri Əmir Rza Vəxşuridir.

Tehsil-press.az

Oxşar xəbərlər