Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib

Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib Aprelin 21-22-də “Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə” adlı onlayn seminar keçirilib. Seminar Təhsil Nazirliyi, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və İsveçrə Konfederasiyasının Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibliyinin (SERI) birgə təşkilatçılığı ilə keçirilib.
Məqsəd seminar iştirakçılarının peşə təhsili, həmçinin ali təhsildə energetika sahələri üzrə tədris və təlim zamanı dayanıqlı inkişaf naminə təhsil strategiyalarından istifadə olunmasına dair müvafiq biliklərin əldə edilməsi ilə onların potensialının gücləndirilməsidir. Maraqlı tərəflər arasında çoxsahəli dialoqun qurulması, beynəlxalq təcrübələrin öyrənilməsi ilə təhsilverənlərin dayanıqlı inkişaf naminə təhsillə bağlı kompetensiyalarının inkişafı mexanizmlərinin müzakirə olunması seminarın əsas vəzifəsi olub.
Seminarda açılış nitqi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) direktoru Pərviz Yusifov çıxış edib. Tədbirdə beynəlxalq ekspertlərlə yanaşı, PTDA-nın şöbə müdiri Zaur Əliyev “Ölkədə peşə təhsili üzrə cari vəziyyət”, Təhsil Nazirliyinin sektor müdiri və BMT-nin Avropa İqtisadi Komissiyası ilə milli əlaqələndiricisi Ayla Həsənova-Məmmədova seminara hazırlıq çərçivəsində keçirilmiş “Azərbaycanda dayanıqlı inkişaf naminə təhsil standartlarının tətbiqi üzrə mövcud vəziyyət” adlı sorğunun nəticələri, İqtisadiyyat Nazirliyinin əməkdaşı, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin nümayəndəsi Elnur İbrahimov isə “Azərbaycanda dayanıqlı inkişaf: həyata keçirilmiş tədbirlər və perspektivlər” mövzularında təqdimatlarla çıxış ediblər.
Seminarın təşkili Dayanıqlı İnkişaf Naminə Təhsil (ESD) prioritetləri əsasında ölkə üzrə milli, regional və qlobal səviyyədə görülən işlər, həmçinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” üzrə aparılan islahatları əhatə edən təşəbbüslərdən irəli gəlib.
Qeyd edək ki, “Azərbaycanda dayanıqlı inkişaf naminə təhsil standartlarının tətbiqi üzrə mövcud vəziyyət” adlı sorğunun və seminarın nəticələri əsasında ölkədə ali təhsil və peşə təhsili sahələrində dayanıqlı inkişaf naminə təhsil strategiyasının daha geniş tətbiqi məqsədilə tövsiyə sənədi hazırlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər