160 namizəd UFAZ tələbəsi statusunu qazanacaq

160 namizəd UFAZ tələbəsi statusunu qazanacaq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2021/2022-ci tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanı keçirilib.
ADNSU-dan bildirilib ki, UFAZ-a qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə 500 və daha artıq bal toplayan, ümumilikdə 330 nəfər abituriyent (70 nəfər rus bölməsi üzrə və 260 nəfər Azərbaycan bölməsi üzrə) 160 qəbul yeri üçün qeydiyyatdan keçib. Onlardan 294 nəfər imtahanda iştirak edib.
İmtahanda abituriyentlər 2 saat 30 dəqiqə ərzində riyaziyyat, kimya, fizika, ingilis dili və ümumi dünyagörüşü üzrə sualları cavablandırıblar. Yekunda ən çox bal toplamış 160 namizəd UFAZ tələbəsi statusunu qazanacaq. UFAZ-da təhsil ingilis dilində olduğundan, abituriyentlər üçün daha bir tələb ingilis dili üzrə mümkün 20 baldan minimum 8 bal toplamaqdır.
İmtahan nəticələri avqustun 20-də dərc ediləcək. Apelyasiya müraciətlərinə isə avqustun 21-də baxılacaq. İmtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər. UFAZ-a imtahan verib uğur əldə edə bilməyən tələbələr isə DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.
Qeyd edək ki, UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə ya dövlət (120 yer), ya da ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur. UFAZ-da 4 ixtisas üzrə - geofizika və geologiya mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Renn 1 və ADNSU) alacaqlar. UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 ildir.

Tehsil-press.az


Oxşar xəbərlər