Distant təhsildən beş dərs

Distant təhsildən beş dərs Dünya Bankı COVID-19 zamanı dünyada tədrisin təşkilinə dair hesabatını yayıb
2020-ci ilin əvvəlindən bütün dünyada təhsil sistemləri görünməmiş miqyasda fövqəladə distant təhsil strategiyalarını tətbiq etdi. 2020-ci ilin 18 ayı siyasətçilərə və təhsili idarəedənlərə distant təhsilin çatdırılması, mənimsənilməsi və effektivliyi haqqında nə öyrətdi? Bu dərslər gələcək aylar və illər üçün planları necə istiqamətləndirə bilər? Dünya Bankının “COVID-19 zamanı uzaqdan öyrənmə: bu günün dərsləri, sabah üçün prinsiplər” adlı yeni hesabatı bu suallara cavab verir. Hesabatda qeyd olunur ki, pandemiya hələ də qlobal miqyasda təhsili pozsa da və onun uzunmüddətli nəticələri hələ görünməsə də, bu hesabat daha yaxşı inkişaf etmək üçün ölkənin səylərini məlumatlandıra biləcək tendensiyaları və çağırışları vurğulayır.
Distant təhsil üçün üç tamamlayıcı element
Hesabat ölkələrə distant təhsilin davamı olaraq konseptual çərçivə təklif edir. Bu çərçivədə distant təhsil üçün üç tamamlayıcı element tələb olunur: effektiv müəllimlər, uyğun texnologiya və distant təhsillə məşğul olan təhsilalanlar. Distant təhsilin tətbiqi və effektiv olması üçün bu üç element yaxşı uyğunlaşdırılmalıdır (şəkil 1). Yüksək fənn məzmunlu biliyinə, texnologiyadan və köməkçi resurslardan istifadə etmək üçün texniki bacarıqlara və müvafiq pedaqoji texnikaya malik olan müəllim, bu keyfiyyətlərdən bir və ya bir neçəsinə malik olmayan müəllimlə müqayisədə distant təhsildə daha effektiv ola bilər. Eynilə, texnologiyanın mövcudluğu effektiv distant təhsil üçün zəruridir, lakin kifayət deyil, çünki texnologiya onun tətbiq olunduğu kontekstə uyğun olmalıdır. Səmərəli distant təlim həm də təhsilalanın tədrisdə iştirakı, onun motivasiyasından, müəllimdən və texnologiyanın səmərəliliyindən, həmçinin ev mühiti kimi kontekstli amillərdən asılıdır.
Müxtəlif distant təhsil strategiyaları
Hesabatda qeyd olunur ki, hökumətlər məktəblərin bağlanması ilə mübarizə aparmaq və uzaqdan təhsili təmin etmək üçün bir sıra yanaşmaları sınadılar. Hökumətlər distant təhsili müxtəlif yollarla tətbiq etdilər. Bəzi hökumətlər təhsilanlara distant təhsilə daxil olmaq üçün bir neçə variant təqdim etdi, digərləri isə tək seçim üzərində dayandı. Çox vaxt ölkələr kağız əsaslı ev paketlərindən radio, TV, telefon və internet əsaslı həllərə qədər uzaqdan öyrənmə strategiyalarını tətbiq etmək üçün əvvəlcədən mövcud olan təhsil texnologiyası infrastrukturundan istifadə edirdilər. Ölkələrin hansı yanaşma tətbiq etməsindən asılı olmayaraq, distant təhsil strategiyaları dizayn, istifadə və kontekstual xüsusiyyətlər baxımından müxtəlif olmuşdur.
Hökumətlər distant təhsildən istifadəni müxtəlif yollarla asanlaşdırmağa çalışdılar. Bəziləri özəl sektorla əməkdaşlıq etdilər və yaxud uşaqların uzaqdan təhsilə çıxışını asanlaşdırmaq üçün birbaşa ev təsərrüfatlarına ünvanlı yardım çatdırdılar. Digərləri isə fərdi repetitorluğu subsidiyalaşdırmağa qədər gediblər. Bir sıra ölkələr dərs günlərinin azaldılmasına uyğun olaraq kurikulumlara düzəlişlər etdilər. Bəziləri müəllimlərə distant təlim keçdilər. Digərləri milli azlıqların dillərində öyrənmə materialları təklif etməklə və ya əlilliyi olan uşaqlara istiqamətli məzmun verməklə, çevik və öz-özünə işləyən platformalar yaratmaqla imkansız qrupları uzaqdan təhsil infrastrukturuna təkmil çıxışı təmin etdi.
Bütün yanaşmalar uğurlu deyildi
Əlçatanlığın və öyrənmənin təmin olunmasında bütün yanaşmalar uğurlu deyildi. Bir çoxları əlçatanlığı təmin etmək üçün mübarizə apardılar və bəziləri yerli şəraitə uyğun olmayan distant təhsil yanaşmasını seçərək uzaqdan təhsil paradoksu ilə üzləşdilər. Məsələn, bəzi hökumətlər onlayn (rəqəmsal) öyrənmə həlləri təqdim etdilər, baxmayaraq ki, onların şagirdlərinin əksəriyyəti cihazların olmaması və ya qoşulma məhdudiyyətləri səbəbindən bu həlləri əldə edə bilmədi. Bu, resurslardan qeyri-bərabər istifadə ilə nəticələndi və ya mövcud bərabərsizlikləri daha da gücləndirdi.
Bəzi yanaşmalar bərabərsizlikləri daha da artırırdı
Əvvəllər bəziləri üçün rəqəmsal uçurum olan hal indi çoxları üçün rəqəmsal uçurumdur. Hələ pandemiyadan əvvəl texnologiyaya çıxış, ondan səmərəli istifadə etmək üçün lazım olan resurslar və bacarıqlar həm ölkə daxilində, həm də ölkə xaricində geniş şəkildə fərqlənirdi. Distant təhsil üçün kritik əhəmiyyət kəsb edən valideynlərin iştirakı və dəstəyi təhsilə və sosial-iqtisadi vəziyyətə görə də dəyişir. Pandemiya zamanı ev təsərrüfatlarının gəlirlərindəki itkilər bu fərqləri daha da dərinləşdirdi. Təcrid olunmuş uşaqlar və qızlar, əlilliyi olan təhsilalanlar və etnik azlıqlar kimi həssas qruplar, çox güman ki, qeyri-mütənasib şəkildə təsirə məruz qalıb və daha çox geridə qalmaq riski altındadır.
Distant təhsilin effektivliyi müxtəlif olub
Hesabatda vurğulanır ki, nəticə etibarilə, bu dövrdə distant təhsilin effektivliyi çox müxtəlif olmuşdur. COVID-19 zamanı distant təhsilin effektivliyinə dair sübutlar qarışıqdır, birmənalı deyil. Pandemiyadan əvvəl fərdi öyrənmə ilə müqayisədə distant təhsildən sonra öyrənmə nəticələri çox vaxt aşağı idi. Aşağı gəlirli ölkələrdə distant təhsildən orta gəlirli ölkələrdə olduğu kimi geniş istifadə olunmur. Nəticə etibarilə, bu şəraitdə distant təhsilin effektivliyinə dair sübutlar azdır. Həyat şəraitinin yaxşı olduğu bəzi yüksək gəlirli ölkələrdə belə, sübutlar göstərir ki, COVID zamanı distant təhsilin effektivliyi aşağı olub.
Bu günün dərsləri, sabahın prinsipləri
Son 18 ay sabahımız üçün prinsip kimi xidmət edə biləcək bir neçə dərs verdi. Daha yaxşısını bərpa etmək istəyən siyasətçilər üçün xüsusilə aktual görünən 5 faktor bunlardır:
Əhəmiyyətli ikitərəfli qarşılıqlı əlaqə qurun. Yerli kontekst üçün ən uyğun texnologiyadan və düzəliş edilmiş kurikulumdan istifadə tələbələr və müəllimlər arasında effektiv əlaqəni təmin etmək üçün çox vacibdir.
Uzaqdan təhsilin məqsədə uyğun olmasını təmin edin. Uzaqdan təhsil üsullarına qərar verərkən, ölkələr həm müəllimlər, həm də təhsilalanlar arasında texnologiyaya çıxış və istifadəni, o cümlədən rəqəmsal bacarıqları nəzərə almalıdırlar. Təhsil siyasətçiləri həmçinin müəllimlərin distant tədris üçün lazım olan texniki və pedaqoji səriştələri inkişaf etdirmək imkanına malik olmasını təmin etməlidirlər.
Valideynləri və tələbələri tədris və təlim prosesinə tərəfdaş kimi cəlb edin və dəstəkləyin. Məktəblərin bağlanması nəticəsində yaranan təcrid və kommunikasiyanın kəsilməsini nəzərə alaraq, şagirdlərin uzaqdan təhsil imkanlarına çıxışına kömək etmək və həm öyrənmənin davamlılığını, həm də sosial-emosional rifahın qorunmasını təmin etmək üçün ailələrin dəstəklənməsi vacibdir.
Müəllimlər, şagirdlər və valideynlər üçün sosial-emosional dəstək təcilidir: Uzaqdan öyrənmə strategiyaları sadəcə olaraq dərslər və məzmunla məhdudlaşa bilməz. Rifahı təmin etmək və böhrandan qaçmaq məqsədilə sosial-emosional monitorinq və psixososial dəstək üçün hərtərəfli strategiya tələb olunur.
Təkmilləşdirici və sürətləndirilmiş təlim proqramları diqqətlə həyata keçirilməli və monitorinq edilməlidir. Əksər ölkələr şagirdlərin təliminə dəstək olmaq üçün proqramlar planlaşdırıblar və ya artıq həyata keçirirlər. Dəstək, həm də təhsilalanların necə inkişaf etdiyini daim izləməyə imkan verir.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər