Xəzər Universitetini uğurla təmsil edən tələbələrə sertifikatlar təqdim olunub

Xəzər Universitetini uğurla təmsil edən tələbələrə sertifikatlar təqdim olunub Xəzər Universitetinin 2020-2021-ci illərdəki uğurlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru dosent İradə Xəlilova son iki ildə təhsil-təlim mühitində, eləcə də beynəlxalq əlaqələr sahəsində qazanılmış nailiyyətlər haqqında məlumat verib. Qeyd edib ki, beynəlxalq reytinq cədvəllərində universitet irəliləməkdə davam edir, müxtəlif layihə və qrant müsabiqələrində fəallıq göstərir, universitetin nüfuzu getdikcə artır. Rektor universitet tələbələrinin müxtəlif layihə və yarışmalarda uğurlar qazandığını vurğulayıb.
Sonra sahələr üzrə hesabatlar dinlənilib.
İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov “Eduniversal Ranking” reytinqi haqqında ətraflı məlumat verib. O, təşkilatın son reytinq cədvəlinə görə Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin Azərbaycanın biznes məktəbləri arasında 1-ci yeri tutduğunu qeyd edib.
Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova QS Reytinq Agentliyinin “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə yeni reytinq cədvəlində Xəzər Universitetinin yenə Azərbaycan universitetləri arasında 1-ci yerə çıxdığını nəzərə çatdırıb.
Xəzər Universitetinin yerli və beynəlxalq layihələrdə iştirakı haqqında İnkişaf Ofisinin direktoru Raziyə İsayeva hesabatla çıxış edib. O, universitetin “Erasmus+”, “Creative Spark”, “Mediats” və digər beynəlxalq layihələrdə iştirak haqqında məlumat verib.
Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qeyd edib ki, universitetin potensialı nailiyyətləri artırmağa imkan verdiyinə görə işlərin genişləndirilməsi və yeni əlaqələrin yaradılması zəruridir. O, müzakirə olunan sahələr üzrə yeni vəzifələr qarşıya qoyub, tövsiyələr verib.
Sonda Xəzər Universitetini yerli və beynəlxalq layihələrdə müvəffəqiyyətlə təmsil edən tələbələrə sertifikatlar təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər