Azərbaycan Turizm və Menecment Universitetində qış imtahan sessiyası davam edir

Azərbaycan Turizm və Menecment Universitetində qış imtahan sessiyası davam edir Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.
Rektor İlham Mədətov bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair göstərişlər”ə ciddi riayət olunur. Rektor şöbə müdirləri, dekan, müəllim və nəzarətçilərlə görüşündə imtahanların şəffaf keçiriləcəyini, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağını qeyd edib. Təhsil Nazirliyinin müvafiq əmr və təlimatına əsasən ATMU-da imtahan sessiyasının gedişinə nəzarət, tələbə və valideynlərin müraciətlərinin qəbulu, o cümlədən narazılıqların araşdırılması məqsədilə İmtahan Qərargahının və “Qaynar xətt”in yaradıldığı diqqətə çatdırılıb.
Qeyd edək ki, akademik təqvimə müvafiq olaraq Turizm və qonaqpərvərlik fakültəsində bakalavriat səviyyəsi üzrə 192, magistratura səviyyəsi üzrə 81 imtahan təşkil ediləcək. Biznes idarəçiliyi fakültəsində bakalavriatura səviyyəsi üzrə 103, magistratura səviyyəsi üzrə 10 imtahan keçiriləcək. Sosial menecment fakültəsində isə bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 206 imtahan təşkil olunacaq. Dekanlıqlar tərəfindən fənn və qruplara uyğun olaraq “Tələbənin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi cədvəli” tərtib edilib.
ATMU-da ümumilikdə 1956 bakalavr və magistrantın iştirak etdiyi qış imtahan sessiyası fevralın 4-nə kimi davam edəcək. Sessiya imtahanları zamanı yarana biləcək narazılıqların mövcud qaydalar əsasında araşdırılması məqsədilə Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Qeyd edilən dövrdə valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər