
Şimpanzelərin bir-birinə qulluq etməsi təəccüb doğurmur: inkişaf etmiş sosial həyatı olan canlılar belə davranışa malikdir, onlar bir-birinin dərisində çirk və parazit axtarır, tapır, təmizləyir. Təəccüblü olan yaranın üstünə həşəratın qoyulmasıdır. Özü də həşərat oradan qaçmaq istəyərkən şimpanze onu həmin yerə qaytarır. Şimpanzenin bu yolla sağalmağa çalışıb-çalışmaması, eləcə də həşəratı nə üçün yaranın üstünə qoyması hələ aydın deyil. Hesab edilir ki, bəzi həşəratlarda antibakterial, hətta virus əleyhinə xüsusiyyətlər var. İnsanların da “həşərat terapiyası”ndan istifadə etdiyi hallar olur.
Şimpanzenin həşəratlarla müalicə olunmasına qəti sübut hələ ki yoxdur, lakin “Current Biology” nəşrində bununla bağlı silsilə müşahidələr ətraflı təsvir olunub. Yaxın vaxtlarda alimlər şimpanzenin yaranın üstünə hansı həşəratları qoyduğunu müəyyənləşdirməyə hazırlaşırlar ki, bu halda bəzi məsələlər aydınlaşa bilər.
Tehsil-press.az