Azərbaycanın təhsil naziri Tbilisidə azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycanın təhsil naziri Tbilisidə azərbaycanlı tələbələrlə görüşüb Tbilisidə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev SOCAR-ın Gürcüstandakı ofisində azərbaycanlı tələbələrlə görüşüb.
Görüşdə “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov Gürcüstanda ali təhsil alan azərbaycanlılara göstərilən diqqət və qayğıdan söz açıb.
Bildirib ki, şirkət 12 ilə yaxındır azərbaycanlı gənclərin Gürcüstan cəmiyyətinə uğurlu inteqrasiyası məqsədilə işlər görür. Təhsilə dəstək proqramının daha da təkmilləşdirilməsi üçün işlər aparılır. Artıq müvafiq işlə təmin olunmuş soydaşlarımız bir sıra uğurlara imza atıblar.
E.Əmrullayev deyib ki, SOCAR-ın dəstəyi ilə artıq yüzlərlə gənc ali təhsilə yiyələnib və onların yarıdan çoxu işlə təmin edilib. Nazir SOCAR-ın azərbaycanlı gənclərin ali təhsil alması istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib və buna görə şirkətə təşəkkür edib.
O bildirib ki, Gürcüstanda milli azlıqların ali təhsil alması üçün nəzərdə tutulan “1+4” proqramının tətbiqi yaxşı nəticələr verib.
Nazir Gürcüstanda yaşayan soydaşlarımızın ölkə cəmiyyətinin tam və bərabər hüquqlu üzvünə çevrilmələri üçün dövlət dilini bilmələrinin önəmini vurğulayıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev SOCAR-ın tələbələrin təhsilini maliyyələşdirməsi ilə bağlı yeni modellərin hazırlandığını bildirib. Onun sözlərinə görə, bu mövzuda müzakirələrdə tələbələrin fəal iştirakı vacibdir.

Tehsil-press.az



Oxşar xəbərlər