BDU və Qlazov Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

BDU və Qlazov Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Rusiya Federasiyası Udmurtiya Respublikasının Qlazov Dövlət Pedaqoji Universitetinin rektoru Yanina Çiqovskaya-Nazarova ilə görüşüb.
Görüşdə E.Babayev BDU haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, 1919-cu ildə yaradılan BDU 16 fakültə, 120 kafedra, 3 elmi mərkəzi, 20 elmi-tədqiqat laboratoriyası, 2 elmi-tədqiqat institutu, 1 kollec və 1 liseyi özündə birləşdirir.
E.Babayev son illər universitetin beynəlxalq əlaqələrinin daha da genişləndiyini, artıq 8 ölkə ilə ikili diplom proqramlarının həyata keçirildiyini deyib. O, hazırda BDU-da 1 beynəlxalq kafedra – İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının, 2 beynəlxalq institut – Konfutsi İnstitutu (Çin) və Bakı King Sejong İnstitutunun (Koreya) və 3 beynəlxalq mərkəz - Abay Kunanbayev adına Qazax Mərkəzi, Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi, Rus Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb.
Qlazov Dövlət Pedaqoji Universitetinin rektoru Yanina Çiqovskaya-Nazarova qeyd edib ki, rəhbərlik etdiyi təhsil müəssisəsi Rusiyada müəllim hazırlığını həyata keçirən əsas ali məktəblərdəndir. O, Azərbaycanın ali məktəbləri ilə sıx əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb.
Görüşdə BDU və Qlazov Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər