
Müsahibə Dini-Psixoloji Komissiya (DPK) tərəfindən aparılır. Müsahibənin nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İslamşünaslıq ixtisası üzrə müsabiqəyə “məqbul” qiymət alan abituriyentlər buraxılırlar.
Müsahibə zamanı abituriyentlərin dünyagörüşü və dini bilikləri (dinlər, habelə İslam dini barədə bilikləri, Azərbaycanın və dünyanın mövcud dini mənzərəsi haqqında məlumatlılığı, dini radikalizm, dini fanatizm və dini ekstremizmə dair bilikləri), dini baxışlar və dünyəvilik anlayışı (ümumi dünyagörüşündə dinin yeri və rolu, dini dəyərlərə baxışı, müasir cəmiyyətdə dinin yeri və roluna münasibəti) qiymətləndirilir. Həmçinin psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu (gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibəti, dövlətçilik və vətənpərvərlik mövqeyi, insanlarla ünsiyyət bacarığı, xitabət və natiqlik qabiliyyəti), tolerantlıq və multikulturalizm təsəvvürləri (tolerantlıq və multikulturalizm barəsində fikirləri, dini müxtəlifliyə münasibəti, davranışlarının tolerantlıq və multikulturalizm anlayışlarına uyğunluğu) qiymətləndirilən meyarlar sırasındadır. Bununla yanaşı, abituriyentlərin ənənəvi dəyərlərə sadiqlikləri (mənəvi dəyərlərin tarixi resursları haqqında məlumatları, milli-mənəvi dəyərlərə baxışları, ənənəvi islam təsəvvürü və müasir perspektivlərə yanaşmaları, milli-mədəni inkişafa baxışları), vəhdət anlayışına münasibətləri (multikultural dini mühitə baxışları, birgəlik yanaşma tərzləri, sosial məsuliyyət anlayışları) qiymətləndirilir. Abituriyentlərin dinin mənbələrinə münasibətləri (dini mənbələri mənimsəmə bacarıqları, hadisələrə geniş perspektivdən yanaşma qabiliyyətləri, ictimai-dini prosesləri düzgün təhlil etmə və analiz qabiliyyətləri), dini maarifləndirmə tələbatları (müstəqil düşüncə bacarıqları, ənənəvi din anlayışı ilə mövhumatı fərqləndirmə bacarıqları), iman və dindarlığa münasibətləri (inamları və dini rituallara yanaşma tərzləri), ibadət həyatları və dindarlığa münasibətləri (ibadətlərdə fərdi bilik səviyyələri, ayinləri icra etmə bacarıqları) da vacib amillərdir.
Tehsil-press.az