
Azərbaycan və Türkiyə alimlərinin COST (Elm və texnologiyalarda Avropa əməkdaşlığı) layihələrində birgə iştirakı üzrə onlayn görüş təşkil edilib. Tədbirdə AMEA-nın Fizika İnstitutunun icraçı direktoru professor Hüseyn İbrahimovun və Türkiyənin Qazi Universitetinin professoru Cengiz Taplamacioğlunun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər. Görüşdə uzunmüddətli uğurlu elmi əməkdaşlığa əsaslanaraq yeni COST layihəsinin hazırlanması müzakirə edilib.
Cengiz Taplamacioğlu və AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri dosent Esmira Əlirzayeva “Horizon” proqramı və COST layihəsi çərçivəsində əməkdaşlıq imkanlarını iştirakçıların diqqətinə çatdırıblar.
Görüşdə COST fəaliyyəti üzrə Azərbaycan tərəfindən milli əlaqələndirici şəxs, Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov və Türkiyə tərəfindən milli əlaqələndirici şəxs, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının Beynəlxalq əlaqələr idarəsinin elmi proqramlar üzrə mütəxəssisi Murat Tıltak layihəyə müraciət qaydaları, proqram çərçivəsində layihələrin həyata keçirilməsi üzrə tələblər, üstünlüklər və imkanlar haqqında ətraflı məlumat veriblər.
AMEA-nın Fizika İnstitutunun və Qazi Universitetinin əməkdaşları təcrübə bölgüsü edib, prioritet elmi istiqamətləri müzakirə edib və müştərək layihə üzrə ilkin razılaşma əldə ediblər. AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi dosent Rüstəm Rüstəmov konsorsiuma digər ölkələrdən olan tərəfdaş təşkilatların nümayəndələrinin dəvət olunmasını təklif edib.
Bu istiqamətdə görüş və müzakirələrin davam etdirilməsi qərara alınıb.
Tehsil-press.az