Pedaqoji Universitetdə “Yeni klub” təsis olunub

Pedaqoji Universitetdə “Yeni klub” təsis olunub Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Yeni klub”un təsis toplantısı keçirilib.
Əvvəlcə universitetin foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təsis toplantısını açan rektor professor Cəfər Cəfərov ali təhsil müəssisəsində tələbələrin ictimai-sosial aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, “Yeni klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib.
Daha sonra “Yeni klub”un rəhbəri İsmayıl Nəsirov, koordinatorlar Günay Tahirli, Ayişə Əliyeva klub haqqında məlumat veriblər. Qeyd edilib ki, klub ali təhsil müəssisəsi daxilində digər tələbə təşkilatları ilə birgə fəaliyyət göstərəcək, müxtəlif yarış, müsabiqə, layihə, təlim və tədbirlər təşkil edəcək.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədri Bəxtiyar İslamov ali təhsil müəssisələrinin nəzdində “Yeni klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə yanaşı, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq.
Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “Yeni klub”ların yaradılmasının məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.

Tehsil-press.az



Oxşar xəbərlər