Tələbələrin yaradıcılıq festival-müsabiqəsinin növbəti mərhələsi ADU-da keçirilib

Tələbələrin yaradıcılıq festival-müsabiqəsinin növbəti mərhələsi ADU-da keçirilib Ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş bədii-yaradıcılıq festivalının növbəti seçim mərhələsi Azərbaycan Dillər Universitetində (ADU) keçirilib. Gənclər musiqi və rəqs üzrə bacarıqlarını nümayiş etdiriblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Festival-müsabiqə Elm və Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə gerçəkləşib. Bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsində məqsəd gəncləri milli vətənpərvərlik ruhunda hazırlamaq, onları mədəniyyətimizə, incəsənətimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, bədii-estetik zövqlərinin formalaşmasına kömək göstərmək, incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Xalq artisti Samir Cəfərov, Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi tarzən Arslan Növrəsli yer alıblar.
Festival qaliblərinin yekun konserti may ayında Bakı şəhərində keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər