”Sözümüz imzamızdır, adımız simamızdır”- Laçında tədbir

”Sözümüz imzamızdır, adımız simamızdır”- Laçında tədbir Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Laçın şəhər 2 nömrəli tam orta məktəbdə “Sözümüz imzamızdır, adımız simamızdır” adlı tədbir keçirilib.
Tədbir “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” ölkə Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanının 5 illiyi münasibətilə təşkil edilib.
Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva doğma dilimizlə bağlı növbəti tədbirin Azərbaycanın əsrarəngiz gözəlliyə və zəngin təbii sərvətlərə malik diyarlarından birində – Laçın rayonunda keçirilməsindən böyük məmnunluq hissi duyduğunu və tədbirin məhz təhsil müəssisəsində təşkil olunmasının qürurverici olduğunu qeyd edib. Bu əvəzolunmaz hissləri yaşadanlara Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını ifadə edən professor Sevinc Əliyeva Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini hörmətlə yad edib, qazilərimizə şəfa diləyib.
S.Əliyeva ölkəmizdə dil siyasətinin formalaşması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və inkişafında Ümummilli Lider Heydər Əliyevin, həmçinin onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini nəzərə çatdırıb, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq-abadlıq işlərinin sevindirici olduğunu bildirib. Həmçinin bu prosesdə şəhər və kəndlərimizdə yeni yaradılacaq infrastrukturun, ictimai iaşə və digər obyektlərin adlarını müəyyənləşdirərkən dilimizin zəngin söz ehtiyatından istifadə etməklə ədəbi dilimizin normalarının tələblərini gözləməyi tövsiyə edib. Sadalananlara örnək olaraq “Hoçazfilm” yaradıcılıq studiyasının, “Abdallar” istirahət mərkəzinin adlarını qeyd edən professor bu qəbildən olan seçimləri təqdirəlayiq hal kimi də qiymətləndirib.

Tehsil-press.az




Oxşar xəbərlər