AMEA-da Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan elmi konfrans keçirilib

AMEA-da Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan elmi konfrans keçirilib AMEA-nın Rəyasət Heyəti və A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Qələbənin 3 illiyinə həsr olunmuş “Zəfərdən-zəfərə: Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi münasibətilə ölkə başçısına Akademiyanın çoxminlik kollektivi adından dərin minnətdarlığını bildirib, bu Nizamnamənin AMEA-nın gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirdiyini söyləyib. Qeyd edib ki, alimlərimiz dövlətimizin başçısının böyük etimadını bundan sonra da doğruldacaq, ölkəmizin inkişafı, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dövlətinin elm sahəsində maraqlarının beynəlxalq müstəvidə qorunması naminə fəaliyyətlərini inamla davam etdirəcəklər.
Konfransın mövzusuna toxunan akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan xalqı və dövləti həm 44 günlük Vətən müharibəsində, həm də ondan sonrakı ötən 3 il ərzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində zəfərdən-zəfərə doğru irəliləyib, hərbi və diplomatik müstəvidə tarixi qələbələr əldə edib.
Prezident İlham Əliyevin siyasi və diplomatik şücaəti və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 illik işğala son qoyulduğunu deyən akademik İsa Həbibbəyli Şuşada Dövlət Bayrağımızın ucaldılması ilə böyük Qələbənin təmin edildiyini söyləyib. Qeyd edib ki, ermənilərin illərdən bəri uydurduğu “böyük Ermənistan”, “güclü erməni ordusu”, “keçilməz Ohanyan səddi” kimi miflər və onların havadarlarının məkrli planları cəmi 44 günə Azərbaycan əsgərinin şücaəti ilə birdəfəlik darmadağın edildi.
Akademik İsa Həbibbəyli, həmçinin diqqətə çatdırıb ki, bu il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror tədbirləri və oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Dövlət Bayrağımızın ucaldılması ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Vətən müharibəsində və antiterror tədbirləri zamanı qazanılmış Qələbə ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin adı çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı.
Azərbaycanın Prezident İlham Əliyevin liderliyində zəfərdən-zəfərə doğru irəliləməsinin təməlində Ulu Öndərin təməllərini atdığı güclü dövlət və ordu quruculuğunun dayandığını deyən AMEA rəhbəri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin daim qaçqın və məcburi köçkünlərlə görüşlərində bir gün elliklə Qarabağa qayıdacağımıza əminliyini ifadə etdiyini və onun vəsiyyətinin Ali Baş Komandan tərəfindən yerinə yetirildiyini söyləyib. Qeyd edib ki, ötən 20 il ərzində Prezident İlham Əliyevin liderliyində formalaşdırılan güclü iqtisadiyyatın gətirdiyi gəlirlər sayəsində bu gün Azərbaycan dövləti Qarabağda Böyük Qayıdışı özünün daxili imkanları və gücü hesabına həyata keçirir.
Akademik İsa Həbibbəyli Qarabağda həyata keçirilən Böyük Qayıdış və quruculuq proseslərində alimlərimizin də yaxından iştirak etdiklərini, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun işğaldan azad olunmuş ərazilərdə tədqiqatlar apardığını, Tarix İnstitutunun 44 günlük Zəfərin tarixinə həsr olunmuş çoxcildlik əsərlər hazırladığını, Dilçilik İnstitutu tərəfindən isə “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın çap olunduğunu söyləyib.
Sonra konfransda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürovun “Azərbaycan tarixinin İlham Əliyev epoxası”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadənin “Qələbə və İlham Əliyevin liderlik fəlsəfəsi”, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətlinin “Vətən müharibəsində qələbəmiz və tarixi yaddaş”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Mərziyə Nəcəfovanın “Ədəbiyyatımızda Vətən müharibəsi: Zəfər sevincləri” və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın hərb tarixi elmi qrupunun rəhbəri, tarix elmləri doktoru Mehman Süleymanovun “Xalq, dövlət və ordunun tarixi Zəfəri” mövzusunda məruzələri dinlənilib.
Tədbirin sonunda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın və alimlərimizin bundan sonra da dövlət başçısı tərəfindən qoyulan tapşırıqların və vəzifələrin öhdəsindən layiqincə gələcəyini, Azərbaycanın uğurlarını ölkəmizdə və beynəlxalq elmi sferada uğurla təbliğ edəcəyini, Qarabağda həyata keçirilən elmi-tədqiqat işlərində yaxından iştirak etməyə davam edəcəyini bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər