Bu abituriyentlərə güzəştlər olacaq – Təhsil haqları, təqaüdlər...

Bu abituriyentlərə güzəştlər olacaq – Təhsil haqları, təqaüdlər... Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Vətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlər təklif edib. O bildirib ki, Vətən müharibəsində əlilliyi olan şəxslərin bir çoxu gənclərdir və onlar ali təhsil ala bilmədən səngərdə xidmət etməyə getmişdi.

B. Əliyev əlavə edib: “Təhsil haqqında” qanunda yer alan bakalavr təhsil səviyyəsi üzrə hazırlıq qruplarının yaradılması barədə maddə var. Məndə olan məlumata görə, bu günə qədər heç bir ali təhsil müəssisəsində hazırlıq qrupları fəaliyyət göstərmir. Bu qrupların təşkili siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”.

Təklif olunan güzəştlər tam olaraq nələri ehtiva edəcək?

Mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, qazilərlə bağlı bəzi güzəştlər artıq tətbiq olunur:

“Həmişə güzəşt edilməli olduğu bildirilsə də, bu güzəştlərin tam olaraq nələrlə bağlı olması konkret qeyd olunmur. Bu cür təkliflər verilərkən, konkret hansı istiqamətləri əhatə edəcəyi də müəyyən olunmalıdır. Təbii ki, Vətən müharibəsi iştirakçıları, veteranlar, o cümlədən, 1-ci və 2-ci qrup əlilliyi olanlara güzəşt şamil olunur. 1-ci və 2-ci qrup əlilliyi olanlar konkret olaraq təhsil haqqından azaddırlar. Eyni zamanda, veteranlarla bağlı da müəyyən güzəştlər tətbiq olunur. Yalnız özləri təhsil alırlarsa, hansısa güzəştlər qazanırlar”.

E. Əfəndi bildirib ki, ali təhsillə bağlı güzəştlər yalnız illik ödənişlərlə bağlı həyata keçirilə bilər.

“İkinci Qarabağ müharibəsində iştirak edənlərə gəlincə, təbii ki, bu güzəştlər imtahan prosesində müsabiqədənkənar qəbulla bağlı ola bilməz. Belə bir güzəştin tətbiqi birmənalı olaraq mümkün deyil. Çünki digər abituriyentlərin 200-300 balla qəbul olduğu şəraitdə onların 100 balla qəbul olunması sadəcə axmaqlıq olar.

Əgər ixtisaslı kadr hazırlığı həyata keçiririksə, 100 bal toplayan hər hansı bir şəxsi harasa yerləşdirməyin mənası yoxdur. Güzəştlər illik təhsil haqlarının ödənişində tətbiq edilə və ya şəxs ödənişdən tam edilə bilər. Yaxud təhsil haqqının 50 faizi güzəşt oluna bilər.

Başqa hər hansı bir güzəştin tətbiqi mümkün deyil. Güzəşt olunan tələbə, adətən, dərslərini oxumur və imtahandan kəsilirsə, onu imtahandan “güzəştli keçirmək” sadəcə korrupsiyadır, cinayətdir”.

Tehsil-press.az

Oxşar xəbərlər