Maraqlıdır, Azərbaycanda nə qədər alim var və neçəsinin kəşf və ya ixtirası mövcuddur?
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından (AAK) cavab olaraq bildirilib ki, AAK tərəfindən 23.04.1992-26.04.2024-cü illər aralığında 1766 şəxsə professor elmi adı verilib.
Bu isə o deməkdir ki, son 32 ildə, hər il təqribən 55 nəfər professor elmi adını alıb.
Maraqlıdır, bəs bu qədər alimlərimiz varkən, Azərbaycanda niyə yeni kəşf və ya ixtiralar olmur?
Millət vəkili Fazil Mustafa bildirib ki, həqiqətən də, dissertasiyaların yazılması, elmi adların verilməsi məsələsində böyük problemlər var:
“Professor elmi adı alanların böyük əksəriyyəti kəşf və ixtira səviyyəsində imkana sahib deyil. Kəşflər daha çox texniki elmlərdə özünü göstərməlidir. Təəssüf ki, bu sahədə xeyli zəifliyimiz var. İnanmıram ki, beynəlxalq standartlarda hansısa qonşu ölkələrlə müqayisədə uğurlu bir statistikaya sahib olaq. Hər halda elm və texnika bizdə ən batmış və problemli sahələrdən biridir. Buranın canlanması üçün hələlik effektli addımları ata bilmirik. Bu da gələcəyimiz üçün problem yaradır”.
Tehsil-press.az