Dahiləri əsərlərində yaşadan oymaçı

Dahiləri əsərlərində yaşadan oymaçı İllər, əsrlər keçsə də, türk dünyası mədəniyyətinin formalaşmasında böyük və əvəzsiz xidmətləri olan Nizami Gəncəvi bu gün də milyonlarla insanın qəlbində yaşayır. Tehsil-press.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, oymaçılıqla məşğul Nizami usta da şeyx Nizami Gəncəviyə olan sevgisini yaratdığı sənət əsərləri ilə göstərir.
Qapı üzərində Nizami Gəncəvinin əsərlərindən ibarət kompazisiya. 2 il çəkilən zəhmətin bəhrəsi. Hündürlüyü 3, eni isə 1 m yarım olan qapı üzərində oyma işləri 54 ildir səbr və bacarıq tələb edən oymaçılıq sənətini yaşadan Nizami Abbasova məxsusdur.
Nizami ustanın dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına olan sevgisini elə bu qapının üzərindəki təsvirdən də görmək olar. Qapının içəri üzündə "Leyli və Məcnun" əsərindən Leyli ilə Məcnunun görüş səhnəsi, çöl hissəsində isə "Xosrov və Şirin" əsərindən Xosrovla Şirinin görüşü, eləcə də Fərhadın Bisütun dağını yarması səhnəsi öz əksini tapıb. Ustanın dahi Nizami Gəncəviyə olan sevgisinin nəticəsidir ki, o şairə, eləcə də onun yaradıcılığına 6 dəfə müraciət edib.
Ağac üzərində yüzlərlə sənət nümunəsi yaradan 64 yaşlı N.Abbasovun yaradıcılığında şair və yazıçıların büst və portretləri üstünlük təşkil etsə də, usta hərbi-vətənpərvərlik və təbiət mövzularına da müraciət edir. Əl işlərində qoz, şabalıd, fıstıq, armud ağaclarından istifadə edir. Vurğunu olduğu sənətinin nümunələrini kağız üzərində cızan Nizami ustaya 10 yaşlı nəvəsi də kömək edir. Əl işlərində göz obrazına üstünlük verən N.Abbasovun arzusu da böyükdür - yaratdıqlarının sərgisini təşkil etmək. Amma satmaq üçün yox, göz oxşamaq üçün. Usta Nizami deyir ki, hər ağacdan sənət əsəri yaratmaq olmur.


Tehsil-press.az

Oxşar xəbərlər