Bu gün onun vəfatından 40 gün keçir...

Bu gün onun vəfatından 40 gün keçir... Düşüncə və intellektual sahədə çox aktiv idi. Dünyanı dərk etmək və hər zaman yeni biliklər qazanmaq onun həyat kredosuydu. Onun üçün hər bir təcrübə, hər bir insan və ya hər bir fikir öyrəniləsi bir müəmma idi və hər mövzunu dərindən analiz etməyi xoşlayırdı...

Deyirdi ki:- “Uşaqlığı və gəncliyi sovet totalitar cəmiyyətində keçmiş bir nəslin XX əsrin sonlarında yaşadığı hissləri bölüşmək çox çətindir. Bizə öyrədilən tarixlə unutdurulan tarix arasında qalan gəncliyimiz bir-birinin ardınca Ermənistandakı soydaşlarımızın öz minillik dədə-baba yurdlarından çıxarılması, 20 Yanvar, Xocalı və Qarabağ faciələrini yaşadı. Xalqlar dostluğu haqqında oxunan nəğmələrin, şeirlərin qara niqabı altından kor xislətlər baş qaldırdığı zaman görünənlərin, beynimizə həkk edilənlərin bir ilğım olduğunu anladıq. “Müsəlmanın sonrakı ağlı” düz 70 il sonra da düşmənini tanımadı, ta ki, o özünü və üzünü göstərənəcən. Yaddaşımızın humanizmə və ədalətə olan inamı xainliyi, naqisliyi, təəssüf ki, heç hifz etməmişdi. XX əsrin əvvəllərini, 40-cı illərin erməni siyasətini unutduq ki, 80-ci illərin sonunda yenə eyni məkrlə üz-üzə qalıb, Qarabağı və ətraf rayonları itirdik...”

Onun həyat fəlsəfəsi sadəcə intellektual maraqla məhdudlaşmırdı. O, həyatın müxtəlif tərəflərini təhlil edərək, öz dünyagörüşünü formalaşdırmağa çalışırdı. Tez-tez həyatın mənası, insan münasibətləri və sosial ədalət kimi mövzularda düşünür və bu mövzular ətrafında dərin mülahizələr yürütməyi xoşlayırdı. Onun təfəkkürü isə həmişə inkişafda olan bir prosesdi, çünki hər yeni təcrübədən dərs çıxarmağa və öyrəndiklərini fəaliyyətinə tətbiq etməyə çalışırdı...

““Xortdanın cəhənnəm məktubları”nı oxuyanda hiss etdim ki, o getdiyim və son otuz ildə gedə bilmədiyim yolların hər qarışına bələd olmamışam. Bələd olsaydım, Əbdürəhimbəy kimi ən kiçik yaşayış məskəninin də tarixçəsini yaddaşıma hörərdim. Bugünkü ağlımla keçmirdim o yollardan. Sadəcə, gözəlliyinin sehrinə düşdüyüm məkan idi Qarabağ. Zamansa yaddaşlara iri bir qıfıl vurub dağ çaylarına atmışdı. Amma o çayın kənarında Şeytanın balası da məəttəl qalmışdı bu dünyanın işlərinə; o da bizim kimi bilmirdi ki, özü burda, quyruğu uzaqda olan böyüyü hansı kələfin ucunu dolaşdırırdı”- söyləyirdi.

Uşaq vaxtı yay aylarını Qarabağda çox olub. Orta məktəbdə oxuduğu illərdə isə, may ayının son günlərini səbirsizliklə gözləyib. Axı qarşıda üç ay yay tətilli onu gözləyirdi. Bu həmin zamanlardı ki, bütün sovet məktəbliləri kimi, o da boynuna bağladığı pioner qalstuku, yaxasına taxdığı komsomol nişanı ilə qürurlanırdı. Qoca babasının nağıllarını dinləyib, Ərzurumun gədiyini xəyalında canlandırırdı.

Deyirdi ki:- “Genetik yaddaşımız yaxın yaddaşımızla açıqdan-açığa üst-üstə düşmür, amma özünü doğma xalqımın şirin bayatıları və dastan hekayətləri ilə qoruyub saxlayırdı. Bakıdan dağlara uzanan yollar sadəcə babamıza və nənəmizə aparan yol idi və heç də çətin deyildi. Çətini Bərdəyə çatmaqdı, sonrası dağlardan gələn meh kimiydi. Ağdamı, Xocalını, Xankəndini keçib Şuşaya çatmaq asan idi. Bu yerlərin sehrinə düşməyəninsə qəlbinə güvənmək olmazdı. Hələ 90-cı illərə çox vardı, Laçına çatmaqsa dolayları keçəndən sonra göz açıb yumana qədərdi...”

Əlbəttə ki, söhbət filologiya elmləri doktoru, bu gün vəfatının qırx günü tamam olan Pərvanə Bəkirqızından gedir. O, Bərdə rayonunda dünyaya gəlmişdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdi. Namizədlik (PhD) dissertasiyasının mövzusu: Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının tədqiqi problemləri, Doktorluq dissertasiyasının mövzusu isə: XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkür (nəsr və dramaturgiya əsasında) olub. Ölkədə və xaricdə 65-dən yuxarı elmi məqaləsi nəşr olunub. O, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi idi. Eyni zamanda Ali Attestasiya komissiyası Humanitar və ictimai elmlər şöbəsində – müdir müavini vəzifəsində çalışırdı...

Maraq dairəsi çox geniş idi. Hər hansı bir mövzuya maraq göstərdiyi zaman, bütün diqqətini ona yönəldir, lakin tez bir zamanda paralel olaraq başqa bir maraqlı mövzuya keçə bilirdi. Bu dəyişkənlik onu bəzən qeyri-sabit və qərarsız göstərə bilərdi, lakin əslində bu, onun zəka və maraqlarının nə qədər geniş olduğunu göstərirdi...

“Qarabağsız- Ağdamsız, Qubadlısız, Kəlbəcərsiz, Zəngilansız, Cəbrayılsız, Laçınsız yaşadığımız otuz ilə yaxın bu zaman kəsiyi bizdən nə apardı deyə düşündükcə Aşıq Ələsgərin “Arsız aşıq elsiz necə yaşadı?” sualını da xatırladığım çox olub. Bir məqamsa dəyişmişdi; milli tarix yaddaşımızın alt qatlarından “Qan ilə dəstəmaz alıb, yürü namaza gedəlim” çağırışı için-için boy atırmış. Odur ki, “Qarabağ Azərbaycandır!” nidası beynimizdə, düşüncəmizdə elektroşok təsiri yaratdı...
2020-dən artıq bir neçə il ötüb. Artıq Qarabağ azaddır. Qarşıdan qış gəlir, amma uşaqlığımın yay tətilindəki kimi, Ağdamı, Əsgəranı, Xocalını, Xankəndini keçib Şuşaya çatmaq, dolaylardan boylanan Laçına tez bir zamanda çatmaq istəyim var. Bambaşqa duyğularla, bambaşqa düşüncələrlə...”- söyləyirdi.

İnsanlarla ünsiyyət qurmağı və məlumat mübadiləsi aparmağı çox sevirdi. Hər bir mövzuda söhbət etməyi bacarırdı. Onun sosial çevrəsi çox geniş olub və o, hər bir adamda müsbət xüsusiyyətləri görə bilirdi. Onun üçün dialoq və müzakirə çox vacibdi, çünki bu onun ürəyincə idi. Məntiqli, analiz edən və zamanında qərar verməyi xoşlayırdı. Dərin zəkası və sürətli düşünmə qabiliyyəti onun uğurlarının qayəsi olub. Problemləri kreativ və gözlənilməz yollarla həll etməyə meyilli idi...

Deyirdi ki:- “Xalqımıza, millətimizə bu şan-şərəf, ləyaqət və qürur dolu günləri yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə və o çətin sədləri qanı bahasına aşmış şəhid oğullarımızın əziz xatirəsinə dərin minnətdarlıq duyğuları ilə...”

Bəli, mən bu söhbətimlə sizə filologiya elmləri doktoru Pərvanə Bəkirqızının necə vətənpərvər, işgüzar, geniş ürəkli xanım olduğunu bir daha xatırlatmağa çalışdım…
Ruhu şad olsun!

Elman Eldaroğlu


Tehsil-press.az

Oxşar xəbərlər