Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli lombardlara olan tələbatın artmasından danışıb.
Ekspert bildirib ki, ümumiyyətlə məişət əşyaların, daşınmaz əmlakların qiyməti artıb və ümumi inflyasiya müşahidə olunur. Qiymətlərin artması vətəndaşların daha çox vəsaitə ehtiyacını yaradır. Çünki qiymət artır, vətəndaş da əşya almaq istəyir.
Xalid Kərimlinin sözlərinə görə, banklar həvəslə kredit verirlər. Amma banklar kredit verərkən, xüsusən də istehlak kreditləri verdikdə Mərkəzi Bankın sərt qaydaları mövcuddur. Vətəndaşın aylıq kredit ödəməsi onun aylıq rəsmi gəlirinin 45 faizindən çox ola bilməz. Yəni bu “öhdəlik gəlir nisbəti” adlanır. Mərkəzi Bank bunu digər banklara da prudensial qayda kimi qoyub ki, banklar vətəndaşlara çox kredit verməsinlər. Vətəndaşlar çox yüklənməsinlər. Çünki vətəndaşın digər xərcləri də var. Onun sosial, kammunal, ərzaq ehtiyacları da var. Ona görə də 45 faiz bir hədd qoyub.
“Vətəndaşlar bankdan kredit götürə bilməyəndə lombardlara üz tuturlar. Lombardda vətəndaşın gəlirlərinə baxmırlar. Çünki lombard adətən vətəndaşın qızılını girov götürür. Qızıl qiymətləri də son 3 ildir ki, arta-arta gedir. Onlar bilirlər ki, qızıl likvid əşyadır. Vətəndaş borcunu qaytara bilməsə, qızılı satacaqlar. Qızılı da girov götürəndə borcdan çox götürürlər. Ona görə də vətəndaşın gəlirinə baxmırlar. Lombardın qarşısında belə bir məcburiyyət yoxdur ki, vətəndaşın gəlirinə baxsın. Amma bankda bu məcburiyyət var. Mərkəzi Bank da bunu yüngülləşdirə bilməz. Əslində bu ildən etibarən yüngülləşdirib. “Davranış maliyyəsi modeli”ni atıb ortaya, banklar portfelinin bir hissəsini, 10 faizini davranış maliyyəsi əsasında kreditləşməyə yönəldə bilər. Davranış maliyyəsində gəlirə baxmırlar, vətəndaşın xərclərinə baxırlar. Yəni, vətəndaş xərcləyirsə, deməli, pulu var. Mağazalardan, kartlardan alış-verişimizə, sosial davranışımıza baxırlar. Bunları isə süni intellekt analiz edir ki, vətəndaşın imkanı nədir. Bu da əhəmiyyətli həcm ola bilməz. Buna görə də dövlət lombardların olmasında maraqlıdır. Çünki lombard olmasa, vətəndaşın yönələcəyi növbəti stansiya sələmçilərdir. Lombard sələmçilərdən bir öncəki mərhələdir. Lombardlar hüquqi cəhətdən fəaliyyət göstərir lakin sələmçilər qanunsuzdur. Vətəndaşın özü də gəlirinə və xərcinə baxmalıdır. Əgər gəliri azdırsa gedib təntənəli məişət əşyaları, maşın, mebel, telefon almalı deyil. Ayağını yorğanına görə uzatmalıdır”.
Tehsil-press.az