
Sərəncama əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra elmi institutlar birləşdirilərək publik hüquqi şəxslər kimi yenidən təşkil olunacaq.
Nazirliyə tabe olan Geologiya, Geofizika və Neft və Qaz İnstitutları əsasında Geologiya İnstitutu, Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya İnstitutları əsasında Coğrafiya İnstitutu, Fizika və Radiasiya Problemləri İnstitutları əsasında Fizika İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya və Aşqarlar Kimyası İnstitutları əsasında Kimya İnstitutu, İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika İnstitutları əsasında Riyaziyyat İnstitutu, Botanika və Dendrologiya İnstitutları əsasında Botanika İnstitutu, Zoologiya və Fiziologiya İnstitutları əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu yaradılacaq.
Sərəncam çərçivəsində əməkdaşların sosial rifahı, həyat səviyyəsi və elmi yaradıcılığı üçün daha yaxşı şəraitin yaradılması əsas prioritetlərdəndir. Burada əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir.
Bu birləşmə Azərbaycan elminə hansı töhfələri verəcək?
Mövzu barədə danışan təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov deyib ki, ötən illər ərzində elm və təhsilin inkişafı istiqamətində atılan mühüm addımlar bu sahənin prioritet olduğunu bir daha göstərdi:
“Son on ilin ən mühüm hadisələri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, habelə bir sıra mühüm qanun və qərarların qəbul edilməsidir. Strategiyanın qəbulu hər şeydən əvvəl elm və təhsilin mövcud durumuna nəzər salmağa imkanı verdi. Bu mühüm sənəddəki təhlillər göstərdi ki, idarətmə sahəsində başlıca problemlərdən biri tənzimləmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Müəssisələrinin idarəetmədə rolu məhduddur, bu kim dövlət müəssisələri maliyyə müstəqilliyinə malik deyil.
Bununla yanaşı, müəssisə rəhbərliyi əldə olunan nəticələrə görə ciddi məsuliyyət daşımır. Elm və təhsil müəssisələrinin maliyyələşdirilməsi onların təqdim etdiyi nəticələrindən asılı deyil və keyfiyyətə yönəlməyib. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, müəssisə səviyyəsində idarəetmənin qeyri-effektivliyi, kadr hazırlığı üzrə infrastrukturun zəif olması müəsisənin nüfuzuna təsir edən amillər sırasındadır.
Bütün bunlar nəzərə alınaraq, təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi, strateji hədəf kimi idarəetmə sisteminin yenidən qurulması nəzərdə tutuldu. Bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılmasının zəruriliyi önə çəkildi.
Baxmayaraq ki, elm və təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşma sahəsində müəyyən işlər görülüb, “Təhsil haqqında” Qanununa müvafiq dəyişikliklər edilib, bu məqsədlə yeni sahəvi qanunlar qəbul olunub bununla belə təkmilləşmə və yeniləşmə istiqamətində həllini gözləyən məsələlər hələ də qalır.
Bu baxımdan Ölkə başçısının nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılmasını nəzərdə tutan “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamını həllini gözləyən məsələlərə yeni yanaşma kimi qiymətləndirmək olar”.
O, bildirib ki, bununla gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq:
“Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Elm Festivalı”nda çıxışı zamanı etiraf edərək deyib ki, elmi təşkilatlarımızda heç bir elmi məhsul istehsal olunmur. Nazir ölkədə elmi məqalə və məhsulların istehsalının az olmasının əsas səbəbi kimi maliyyələşmənin zəif olmasını misal çəkib.
Rasonallaşdırma istiqamətində nəzərdə tutulan struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə xidmət edir.
Gözləntilər isə ondan ibarətdir ki, müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq, elmi resurslardan daha səmərəli istifadə ediləcək, gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq, həmçinin, elmin cəmiyyətlə daha yaxından inteqrasiyası təmin olunacaq. Artıq, bəzi institutlar birləşdirilərək publik hüquqi şəxs olub, üç elmi istehsalat birliyi ləğv edilib”.
Nadir İsrafilov qeyd edib ki, bu sərəncam elmi-tədqiqat sahəsində struktur islahatlarının yeni mərhələsidir:
“Bu elmi fəaliyyətin səmərəliliyini, idarəolunmasını və təhsillə əlaqəsini artırmağa yönəlmiş bir addımdır. Onu da xatırlatmaq yerinə düşər ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması təkcə elmi müəssisələrə şamil edilmir.
Optimallaşdırma və rasionallaşdırma tədbirləri eyni zamanda orta ümumtəhsil məktəblərini və orta ixtisas təhsili müəssisələrini də əhatə edir və bu proses davam etməkdədir, Belə ki, bir sıra azkomplektli məktəblərin bəziləri bağlanıb, bəziləri isə digər məktəblərlə birləşdirilib. Bir sıra kolleclər isə əlaqədar unversitetlərin nəzdində fəaliyyətə başlayıb. Bir neçə oxşar məzmunlu universitetlərin birləşdirilməsi nəzərdə tutulub. O ki, qaldı, bu sahədə nələr dəyişəcək, bunu zaman göstərəcək”.
Günay Şahmar
Tehsil-press.az