Orta məktəblərin statusu dəyişir?

Orta məktəblərin statusu dəyişir? Bəzi təhsil müəssisələrinin publik hüquqi şəxsə çevriləcəyi ilə bağlı məsələlər gündəmə gəlib. Bəs orta məktəblər bura aid ediləcək?

Təhsil eksperti İlqar Orucov açıqlamasında bildirib ki, hazırda təhsil müəssisələrinin publik hüquqi şəxsə çevriləcəyi ilə bağlı rəsmi qərar yoxdur. Amma bu mövzuda müəyyən istəklər, arzular və niyyətlər mövcuddur:

“Əgər məktəblər publik hüquqi şəxs statusu alsalar, bu, onlara əlavə imkanlar qazandıra bilər. Belə ki, məktəblər əlavə maliyyə müstəqilliyi, əlavə maliyyə mənbələri cəlb etmək üçün fürsət əldə edəcəklər. Həmçinin publik hüquqi şəxsin idarə edilməsi bir qədər fərqli olur. Çünki burada həm də kollegial rəhbərlik nəzərdə tutulur. Bu baxımdan hesab edirəm ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi hüquqi normaların tətbiqi baxımından da onların imkanlarını genişləndirə bilər”.

İ.Orucov qeyd edib ki, bu, bütün məktəblərə şamil oluna bilməz:

“Amma ayrı-ayrı məktəblərin imkanları dəyərləndirilməlidir. Əgər bu imkanlar yetərlidirsə, həmin məktəblərin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı müvafiq qərar qəbul edilə bilər”.

Tehsil-press.az

Oxşar xəbərlər