
Mövzu ilə bağlı açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, ermənipərəst mövqeyi ilə məşhur olan Smitin məqsədi ABŞ-nin yeni administrasiyasının diqqətini bölgəyə Ermənistanın maraqları kontesktində çəkməkdir.
A.Nərimanlının sözlərinə görə, onun Azərbaycanın ermənilərə qarşı “etnik təmizləmə” həyata keçirdiyi iddiasını irəli sürməsi, eyni zamanda, “məhbuslar və insan haqları” məsələsi üzərindən Vaşionqtonu Bakıya təzyiqə sövq etmək cəhdi də buna hesablanmışdı:
“Rubio sualı diplomatik çərçivədə cavablandırdı. Bildirdi ki, “bir çox hallarda ideal olmayan ölkələrlə qarşılaşırıq, lakin belə ölkələrlə milli maraqlarımız əsasında münasibət qurmalı, milli maraqlarımızla diplomatiya arasında tarazlıq qurmalıyıq”. Trampın baş diplomatı bununla ABŞ-nin xarici siyasətinə erməni maraqlarına kontekstində yanaşan lobbiçilərə sələflərinin səhvlərini təkrarlamayacaqları mesajını verdi. Rubionun “Azərbaycan və Ermənistan arasında real münaqişə təhlükəsi var və biz bunun qarşısını almağa çalışırıq” sözləri də Konqresə “regionda prioritet məsələnin sabitliyin əldə edilməsi” olduğunu və “administrasiya olaraq bu istiqamətdə işlədiklərini” çatdırmaq məqsədi kimi görünür.
Hərçənd, “real münaqişə təhlükəsindən” bəhs edən ABŞ-nin hədəfləri arasında “bu təhlükənin qarşısını almaq” adı ilə Azərbaycan-Ermənistan danışıqlar prosesinə müdaxilə etmək olduğu da istisna edilməməlidir”.
Politoloqun fikrincə, Vaşinqtonun burada iki mümkün niyyəti görünür:
“Birincisi, regionun gələcəyini müəyyənləşdirəcək Azərbaycan-Ermənistan danışıqlarından kənarda qalmamaqdır. Digər tərəfdən isə “Dünyada münaqişələrə son qoymaq missiyası”na iddia edən Tramp Administrasiyası Bakı-İrəvan xəttində əldə olunan razılaşmardan “pay almaq”la öz aktivinə daha bir “uğurlu nəticəni” yazmaq istəyir. Azərbaycan-Ermənistan arasında “real münaqişə” risklərinin azalmasına baxmayaraq, Rubionun belə bir riskdən bəhs etməsi ABŞ-nin “təhlükənin aradan qaldırılması” adı ilə prosesə qoşulmaq cəhdlərinə dair gözləntilər yaradır. İstisna deyil ki, növbəti addım ABŞ dövlət katibinin Bakı və İrəvana zəngi olacaq”.
Tehsil-press.az